Doktorant Sünbül Zalovanın elmi seminarı keçirilib
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Sünbül Zalovanın “Süni intellektli çatbotlar informasiya mənbəyi kimi” mövzusunda elmi seminarı keçirilib.
Çıxış edən Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova doktorantın elmi fəaliyyəti ilə bağlı seminar iştirakçılarını məlumatlandırıb və sözü məruzəçiyə verib.
S.Zalova “Süni intellektli çatbotlar informasiya mənbəyi kimi” mövsuzunda çıxış edərək, süni intellektə əsaslanan jurnalistika haqqında ümumi məlumat verib. Bildirib ki, süni intellekt jurnalistikasının imkanları onu ənənəvi jurnalistikadan əsaslı şəkildə fərqləndirir.
Seminarda həmçinin informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar olaraq yaranan çatbotlar haqqında məlumat verilib. Müəyyən qaydalara əsaslanan müxtəlif istiqamətli və süni intellektlə idarə olunan çatbotların jurnalistikada rolu müəyyənləşdirilib. Süni intellektli ChatGpt çatbotunu digər çatbotlardan fərqləndirən üstün keyfiyyətləri, bu istiqamətdə mövcud poblemlər müəyyən olunub.
Doktorant qeyd edib ki, Chat GPT mürəkkəb məzmunları sadələşdirə bilər. Jurnalistlərin qarşısında duran ən mühüm vəzifələrdən biri mürəkkəb mövzuların geniş auditoriya üçün sadələşdirilməsidir. Bununla yanaşı bu çatbotlar müsahibələr üçün suallar hazırlamağa da kömək edə bilər. Jurnalistlər əlavə edilən məlumatların doğruluğundan əmin olmaq üçün ChatGPT-nin etdiyi dəyişiklikləri nəzərdən keçirməli və faktları yoxlamalıdırlar.
Məruzəçi onu da bildirib ki, texnologiyanın inkişafı bəzi işləri sıradan çıxara bilsə də, yenilərini yarada və maraqlı karyera yolları aça bilər. ChatGPT və süni intellektlə işləyən digər çatbotlar informasiya cəmiyyətində yeni mühitin yaranmasına səbəb olmuşdur. Müasir cəmiyyət inkişaf etdikcə insan fəaliyyətində və davranışında süni intellektin rolu artmaqdadır.
Seminarda “ARB 24 TV”nin direktoru Radik İsmayılov, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, kafedranın müəllimləri iştirak ediblər.
“ARB 24 TV”nin direktoru Radik İsmayılov süni intellekt və süni intellektli çatbotlar ilə bağlı fikirlərini bölüşüb, üstünlüklərindən və yarada biləcəyi problemlərdən bəhs edib. Süni intellekt jurnalistikası ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini nəzərə çatdırıb.
Daha sonra S.Zalova seminar iştirakçılarının suallarını cavablandırıb.
Elmi seminar mövzu ətrafında diskussiya ilə yekunlaşıb.