"Dirilik" məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimatı keçirilib

“MİMTA Yayımları”na məxsus “Litera” kitab evində “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusun təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu məcmuənin dövrün ictimai-mədəni mənzərəsini anlamaq baxımından vacib bir mənbə olduğunu vurğulayıb, fondun bu istiqamətdə gördüyü işlər barəsində məlumat verib.
Təqdimatda Bakı Dövlət Universitetinin (BDU) Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək “Dirilik” məcmuəsinin Azərbaycan mədəni- mənəvi düşüncəsindəki yerindən bəhs edib. O, kitabın müqəddəs anlayış olduğunu
qeyd edərək, Azərbaycan mühitində belə bir təşəbbüslərin əvəzsiz olduğunu vurğulayıb. Araşdırmaçı-yazar Muxtar Cəfərli isə qeyd edib ki, “Dirilik” yalnız bir məcmuə deyil, həm də milli yaddaşın daşıyıcısıdır.
Kafedranın müəllimi Samir Mirzəyev transliterasiya işi zamanı qarşıya çıxan çətinliklərdən və görülən işin məsuliyyətindən bəhs edib. O bildirib ki, bu proses diqqət və səbr tələb edir, hər bir yazının orijinalına sadiq qalmaq, eyni zamanda onu müasir oxucu üçün anlaşıqlı etmək asan deyil. “Dirilik” jurnalının mətbuat tariximizdəki roluna toxunan natiq Əliabbas Müznibin məcmuəyə verdiyi danılmaz töhfələri də qeyd edib.
Tədbirdə kafedranın professoru Qərənfil Quliyeva, dosent Aygün Əzimova, müəllimlər Ruxsarə Məmmədova, Afaq Sadıqova, Günay Məmmədova, Elmira Həsənova və fakültənin tələbələri də çıxış edərək “Dirilik” məcmuəsinin transliterasiya olunmasının elmi və mədəni əhəmiyyətindən danışıblar. Onlar bu təşəbbüsün Azərbaycan ədəbi-mədəni irsinin gələcək nəsillərə çatdırılmasında mühüm roloynadığını vurğulayıblar.
Sonda iştirakçılara kitab təqdim olunub və xatirə fotosu çəkilib.