"Cümhuriyyəti Yaşadanlar: Nəsiman Yaqublu" kitabının təqdimatı keçirilib
23 May 2026 11:56

Milli Azərbaycan Tarixi Muzeyində mərhum professor, tarixçi alim Nəsiman Yaqubluya həsr edilmiş kitabın təqdimatı keçirilib. "Çapar Nəşriyyatı"nda işıq üzü görən "Cümhuriyyəti Yaşadanlar: Nəsiman Yaqublu" kitabında alimin qələm yoldaşlarının, dostlarının, ailə üzvlərinin xatirələri toplanıb.
Tədbiri giriş sözü ilə açan kitabın naşiri Yusif İlhamoğlu "Cümhuriyyəti Yaşadanlar" layihəsində ilk kitabın Nəsiman bəyə həsr edildiyinin təsadüfi olmadığını deyib, mərhum alimin irsinin əhəmiyyətinə toxunub.
Daha sonra professor Ədalət Tahirzadə çıxış edib, Nəsiman müəllimin hələ Sovet İttifaqının dağılmadığı bir vaxtda Məhəmmədəmin Rəsulzadənin irsini araşdırdığını, onun haqqında kitab yazdığını bildirib, Cümhuriyyətlə bağlı əsərlərinin böyük maraq yaratdığını qeyd edib. O, Nəsiman bəyin ən məhsuldar vaxtında aramızdan ayrıldığını, bunu elmimiz üçün böyük itki olduğunu ifadə edib.
Muzeyin icraçı direktoru, tarix elmləri doktoru Fərhad Cabbarov çıxış edib, Nəsiman bəyin muzeylə mütəmadi əməkdaşlıq etdiyini nəzərə çatdırıb.
Məhəmmədəmin Rəsulzadənin yadigarı, əməkdar rəssam Rais Rəsulzadə Nəsiman bəyin gənclik illərindən etibarən Rəsulzadənin irsini araşdırdığını diqqətə çatdırıb, onunla olan xatirələrini bölüşüb.
Tədbirdə dəyərli alimlər - Firdovsiyyə Əhmədova, Nəsib Nəsibli, Abid Tahirli, Bədirxan Əhmədli, Nəcibə Bağırzadə və alimin ailə üzvləri çıxış ediblər.
Alimin ömür-gün yoldaşı İradə Quliyeva çıxış edərək kitabda mərhum Nəsiman Yaqublu ilə bağlı xatirələrini bölüşən, onun dəyərli fəaliyyətini yüksək qiymətləndirən yazı müəlliflərinə, kitabın çapında əməyi olan şəxslərə ailəsi adından təşəkkürünü bildirib.
İradə xanım Nəsiman Yaqublunun gözəl ailə başçısı-fədakar ata və sevimli həyat yoldaşı olmağından danışıb, Nəsiman Yaqublu kimi bir şəxsiyyətin həm ömür-gün yoldaşı, həm də onun tədqiqatlarına, araşdırmalarına şahidlik edən biri kimi əlyazmalarının ilk oxucusu və ilk rəyçisi olmağından qürur duyduğunu söyləyib.
Alimin oğlu Nihad Yaqublu da öz növbəsində kitabın ərsəyə gəlməsində və təqdimatın keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edib, öz minnətdarlığını bildirib.
Son XƏBƏRLƏR
17.07.2026 | 13:01
“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
08.07.2026 | 14:22
“İctimaiyyətlə əlaqələr” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq
07.07.2026 | 12:51
Sosial media ilə bağlı yeni tələblər və yeni dərslik
06.07.2026 | 14:31
Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır
06.07.2026 | 13:21