"Cümhuriyyət bayrağı" kitabının təqdimatı olub
"Çapar yayınları"nın və "Çapar" tarix dərgisinin baş redaktoru Dilqəm Əhmədin Azərbaycan Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş "Cümhuriyyət bayrağı" kitabının təqdimatı olub.
Kitabda Azərbaycan Cümhuriyyəti dövründən bu günə kimi üçrəngli Azərbaycan bayrağının keçdiyi keşməkeşli yolun ideoloji və xronoloji təsviri öz əksini tapıb. Həmçinin burada Azərbaycan bayrağının tarixi ilə bağlı orijinal foto və sənədlər də toplanılıb.
Libraff kitab mağazasında təqdim olunan kitab “Nar” mobil operatorunun dəstəyi ilə nəşr olunub.
Təqdimat mərasimində naşir Yusif İlhamoğlunun açılış sözlərindən sonra Dilqəm Əhməd bayrağın tarixi və kitabın ərsəyə gəlməsi ilə bağlı məlumat verib.
Daha sonra BDU Jurnalistika fakültəsinin dosenti Qərənfil Quliyeva, BDU Jurnalistika fakültəsinin məzunu, Dilqəm Əhmədin araşdırmaları mövzusunda diplom işini müdafiə edən Mehin Vəliyeva, AMEA Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi, "Füyuzat" jurnalının baş redaktoru Mübariz Yunus, tarixçi Əkbər Nəcəf, tarix üzrə fəlsəfə doktoru Orxan Vəli çıxış ediblər.
Çıxışlardan sonra kitabın imzalanma mərasimi olub və müəlliflə xatirə şəkilləri çəkilib.