“Cahangir Məmmədlinin publisistikası” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Cahangir Məmmədlinin publisistikası” adlı tədbir keçirilib.
Əvvəlcə Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək bildirib ki, Cahangir müəllim böyük mütəxəssis, həyatını jurnalistika fakültəsinə, ümumən universitetə bağlayan böyük alim, tanınmış ictimai xadimdir. O qeyd edib ki, Cahangir Məmmədlinin vətən və cəmiyyət, elm, mədəniyyət və təhsilin inkişafındakı böyük xidmətləri universitet kollektivində nüfuzunu yüksəldib, həm də hər zaman dövlətimizin diqqətində olub. Bu mənada Cahangir Məmmədli həm də öz fəaliyyətində elmi və praktik işi paralel aparan bir alim - pedaqoqdur. Cahangir Məmmədli hansı yöndə fəaliyyət göstərir göstərsin, ilk növbədə universitet müəllimidir. Onun universitetə olan sevgisi müsahibələrindən birində istifadə etdiyi ifadədə daha çox diqqət cəlb edir. O bildirmişdi ki, Universitet qutsal bir məkandır, heç vaxt bu qutsal məkanı heç yerə dəyişməyib və dəyişməyəcək.
Sonra Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Günel Abbasova, sədr müavini Əsgər İsmayılov, İdarə heyətinin üzvü Nurlan Cəbrayılzadə elmi məruzə ilə çıxış ediblər. Onlar jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə məşğul olan alimin tədqiqat əsərlərinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə məşğul olmuş, jurnalistika məsələlərinə dair sanballı tədqiqat əsərlərinin, çoxsaylı məqalələrin müəllifi kimi tanınmış Cahangir müəllim müasir Azərbaycan peşəkar jurnalistikası konsepsiyasının əsaslarının formalaşdırılmasında, bununla da bu elmin inkişafında və böyük bir jurnalistlər nəslinin yetişməsində müstəsna xidmətlər göstərib.
Tədbirdə həm rus, həm də ingilis dilində elmi məruzələr də dinlənilib. TEC-in idarə heyətinin üzvü Ataməli Əliyev rus dilində, Məryəm Abdullazadə isə ingilis dilində mövzu ətrafında çıxış ediblər.
Sonra tədbirin bədii hissəsində Röyal Əmrahov Cahangir Məmmədli haqqında öz yazdığı qəzəli səsləndirib, Südabə Məmmədova isə sazda ifa edib.