“Böyük Britaniyanın qabaqcıl KİV-də II Qarabağ mövzusu”nda elmi seminar
Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasında elmi seminar keçirilib. Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva açaraq doktorant haqqında məlumat verib.
Talıblı Fidan “Böyük Britaniyanın qabaqcıl KİV-də II Qarabağ mövzusu” adlı məruzə ilə çıxış edərək bildirib ki, “Qarabağ” mövzusu dünya Kütləvi informasiya vasitələrində önəmli yerlərdən birini tutur və araşdırma mözusu kimi də daima aktualdır. Böyük Britaniya mediası II Qarabağ müharibəsinin işıqlandırılmasında kifayət qədər aktiv olub. Seminar mövzusunun da məhz bu mövzuya həsr olunması təsadüfi deyil. Seminarda iddiaçı “BBC”, “Independent”, “Тhe Guardian” kimi qabaqcıl media quruluşlarından da nümunələr də göstərib. Talıblı Fidan gətirdiyi nümunələrdə bir çox hallarda Qarabağ mövzusuna qərəzli münasibətin olduğunu, peşə etikası prinsiplərinin pozulduğunu xüsusilə vurgulayıb. İddiaçı həmçinin ölkə Prezidentinin 2020-ci il noyabrın 6-da “BBC News”a verdiyi müsahibəni xatırladaraq, jurnalistin müsahibə zamanı dəfələrlə açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirdiyini və hətta bəzi hallarda dəfələrlə Azərbaycan dövlətini ittiham etməyə cəhd göstərdiyini seminar iştrakçılarının diqqətinə çatdırıb.
Polemika ilə keçən elmi seminarda “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının müdiri, professor Həmid Vəliyev, dosentlər Pərvanə İbrahimova, Təranə Mahmudova, Aytəkin Zeynalova iddiaçının hazırlığını və tədqimatını yüksək qiymətləndirərək, gələcək işlərində uğurlar arzulayıblar.