Böyük Britaniyanın müasir media sistemi ilə bağlı mühazirə
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbələrinə Xarici ölkələrin jurnalistika tarixi fənni üzrə növbəti mühazirə keçirilib.
“Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının müdiri, professor Həmid Vəliyev tədris etdiyi fənn üzrə mühazirənin bu dəfəki mövzusunun Böyük Britaniyanın müasir media sistemi ilə bağlı olduğunu bildirib.
Mühazirənin "PAŞA Bank", "British Council" və “Thomson Foundation”nın birgə əməkdaşlığı ilə həyata keçirilən biznes-jurnalistika layihəsinin məzunları, proqram çərçivəsində Londonda təlim keçmiş “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının dosenti Pərvanə İbrahimova və “Yeni media və kommunikasiya nəzəriyyəsi” kafedrasının dosenti Könül Niftəliyeva tərəfindən təqdim ediləcəyini diqqətə çatdırıb.
Mühazirəçilər Böyük Britaniya mediası haqqında məlumat verib, İngiltərə mətbuatı üçün xarakterik olan keyfiyyət, orta və kütləvi populyar qəzetlərin bölgüsünü diqqətə çatdırıblar.
K.Niftəliyeva və P.İbrahimova ən çox satılan qəzet və jurnallar, onların dövriyəsi barədə danışaraq “The Daily Telegraph”, “Financial Times”, «The Guardian» qəzetləri və BBC-nin redaksiyalarında müşahidə etdikləri maraqlı məqamları tələbələrlə bölüşüblər.
Mühazirə Böyük Britaniyanın əsas media korporosiyaları və Reuters haqqında məlumatların verilməsi, bu ölkənin media sistemi ilə bağlı videonun təqdimatı, tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.