Bir daha Türk Şurası Media Forumunun əhəmiyyəti barədə
XXI əsr informasiya və texnologiya əsridir. Və XXI əsrdə müharibələr məhz informasiya və texnologiyalarla aparılır. Məhz bu səbəbdəndirki, “informasiya müharibəsi”, “informasiya ilə manipulyasiya”, “informasiya ekologiyası” anlayışları günümüzün reallıqlarıdır və ya Türkiyə Cümhuriyyətinin İletişim Başqanı hörmətli Fəxrəddin Altunun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevin22-24 oktyabr tarixində İstanbulda keçirilən Türk Şurasının Media Forumunun açılış mərasimində etdikləri çıxışlarında vurğuladıqları “dicital faşizm” kimi yeni qavramlarla da üz-üzə qalmaqdayıq. Məhz bu kimi problemlər media və kommunikasiya sahəsində bizləri daha çevik olmağa, bu sahədə bizə qarşı edilən həmlələrə adekvat reaksiya verməyə məcbur edir, eynən 44 günlük Vətən Müharibəsində olduğu kimi...
Bu gün Azərbaycan və Türkiyə arasında artıq sınaqdan çıxmış və hətta praktik işlək mexanizmə çevrilməkdə olan media əməkdaşlığı - “Türkiyə-Azərbaycan media platforması” mövcuddur. Lakin məsələyə, getdikcə ciddi siyasi birliyə çevrilən Türk Şurası çərçivəsində baxdığımızda görüləcək işlərin hələ çox olduğu da aydın olur. Çünki informasiya əsrində, savaşların informasiya ilə aparıldığı zamanda informasiya məkanımızın təhlükəsizliyi və toxunulmazlığı ən vacib prioritetlərdəndir.
Məhz bu mənada 22-24 oktyabr tarixində İstanbulda keçirilən Türk Şurasının Media Forumunu birmənalı şəkildə son dərəcə ciddi strateji əhəmiyyətə malik bir tədbir kimi qiymətləndirmək lazımdır. Bu forumun ən əsas xüsusiyyətini ciddi praktik əhəmiyyətə malik olması ilə xarakterizə etmək olar.
İlk növbədə onu vurğulamağı özümə borc bilirəm ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə ölkəmizi təmsil edən nümayəndə heyəti kifayət qədər peşəkar və işgüzar insanlardan təşkil edilmişdi. Bəlkə də o səbəbdəndir ki, forumun istər oturumlarında, istər praktik panellərində ən aktiv və məhsuldar iştirakı ilə seçilən heyət ölkəmizin nümayəndələri oldu. Rəsmi oturumlarda spiker olan nümayəndələrimizin hər biri, medianın müxtəlif problemləri ilə bağlı fikirlərini bölüşməklə yanaşı, maraqlı və praktiki təkliflər də irəli sürdülər.
Forum media sahəsində mövcud olan problemlərlə bağlı kifayət qədər ciddi və səmərəli müzakirələrin aparılması, eyni zamanda maraqlı təkliflərin səsləndirilməsi ilə yadda qaldı. İstər rəsmi oturumlarda, istərsə də panel iclaslarında media sahəsində mövcud problemlərlə bağlı səsləndirilən təkliflər qeydə alınırdı və qarşıdakı dövrdə bunlarla bağlı addımların atılacağınaəminliyimizi ifadə edə bilərik.
Forumun həm də daha bir əhəmiyyəti media sahəsində mövcud əlaqələri daha da inkişaf etdirmək, genişləndirməyin yolları barədə fikir mübadiləsi aparmaqdan ibarət idi. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan və Türkiyə media quruluşları arasındakı əlaqələr bu gün ən yüksək səviyyədədir, lakin Orta Asiya respublikaları ilə bağlı bunu belə iddia edə bilmərik. Bu mənada Türkiyə ilə Azərbaycan arasında yaradılmış "Ortaq Media Platforması" olduqca böyük əhəmiyyətə malikdir. Platforma iki qardaş ölkənin kommunikasiya və medya sahəsində strateji işbirliyi qurmasını hədəfləməkdədir və bu istiqamətdə artıq ciddi addımlar atılır. Gələcəkdə Türk Şurasında təmsil olunan Orta Asiya Respublikalarının da bu platformaya qoşulması olduqca böyük imkanlar yarada bilər. Forumda məhz bu əməkdaşlığın mümkün formaları ilə bağlı da ciddi müzakirələr getdi.
Vahid informasiya məkanın formalaşdırılması, vahid infiormasiya hövzəsinin yaradılması, Türkdilli ölkələrin beynəlxalq informasiya təşkilatının qurulması (ASEAN, FANA, PANA və s. moddellərində), Türk Şurasına üzv ölkələrin media təhsili verən ali məktəb strukturları ilə əməkdaşlığın genişləndirilməsi, “beynəlxalq jurnalistika” ixtisası üzrə bahid tədris proqramının hazırlanması və sair kimi önəmli təkliflər rəsmi çıxışlarda irəli sürüldü, müzakirə masalarına yatırıldı. Ümumiyyətlə media sahəsində çoxşaxəli əməkdaşlıqla bağlı sağlam təməllər atıldı. Forum bu mənada media ilə bağlı təhsil sahəsindən tutmuş praktik fəaliyyətə qədər bir çox istiqamətlərdə imkanların genişlənməsində əsaslı rol oynayacaq.
Qloballaşma, dünya birliyinə inteqrasiyayalnız mənəvi-əxlaqi dəyərlərimizi qorumaqla müsbət nəticələr verə bilər. Bu xüsusda isə medianın rolu olduqca önəmlidir. Unutmamalıyıq ki, törələrimizin, dəyərlərimizin, dinimizin yanlış anlaşılmasının qarşısını almağın yolu medianın, kütləvi kommunikasiya alətlərininin təsirli istifadəsi və bu dəyərlərimizin gerçək mahiyyətinin izah edilməsi ilə mümkündür.
Vüqar Zifəroğlu
əməkdar jurnalist, filologiya elmləri doktoru
BDU, Jurnalistika fakültəsinin dekanı