“Bəzən birini öz həyatından daha çox sevərsən”
Gəncənin məşhur tarixi göz xəstəxanasının qarşısında hər kəs iftixar hissi ilə bir dəqiqəlik ayaq saxlayır. Şəhid Quliyev Hüseynin şəkildəki əzmli duruşu, nəinki onun qonşularına, ordan ötən hər kəsə 44 günlük Vətən müharibəmizin zəfərinin səbabkarlarını xatırladır. Elə Gülxar anaya zəng edəndə də “balamın şəklindən dölməmizi tapacaqsınız” demişdi. Ananın səsindəki qürur mənim Hüseyngilə gedən addımlarımı sürətləndirdi. Söhbətə tələsirdim.
İlk dəfə görüşməyimizə baxmayaraq Gülxar ananı uzaqdan görən kimi tanıdım. Şəhid analarının hamısı bir-birinə bənzəyir: dik qamət, bəmbəyaz saçlar, “vətən sağ olsun” deyən baxışlar. Elə Hüseynin atası da belə dedi: “Torpaq yolunda oğul itirməyimə heyifslənmirəm, qızım”. İçəri daxil olan kimi məni Hüseynin divardan asılmış böyük portreti qarşıladı. “Hüseyn qonaqpərvər oğlanıydı, hamıya canı yanırdı. Küçədə iki uşaq dalaşanda həmişə zəifin tərəfində olurdu. Məktəbdə də eləydi. Ona görə evimizə çox şikayətə gəlirdilər” acı gülümsəməylə söylədi Gülxar ana. Qonaq otağı Hüseynin xatirələri ilə bəzənmişdi: şəkillər, diplomlar, idmanda qazandığı medallar, hərbi geyimi. Diqqətimi universitet diplomu çəkdi. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin 2020-ci il məzunu idi Hüseyn. Uşaqlıqdan arzusu prokuror olmaq idi. Məktəb vaxtı dərs oxumaqda zirək olan Hüseyn, bütün fənlərdən əlaçı idi. Elə şəhidlik zirvəsinə yüksələndən sonra təhsil aldığı Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə onun şərəfinə guşə yaradılıb. Guşədə şəhidin xatirələrini əks etdirən şəkillər yer alıb. Universitet illərində də Hüseyn savadı ilə seçilən tələbələrdən olub. Gülxar ana evdar qadın olsa da övladlarının ali təhsil almalarına xüsusi diqqət yetirib. Məqsədi gələcəkdə vətənə layiqli vətəndaşlar böyütmək idi. Elə bu səbəblə də Hüseyni həm də cüdo idman növü ilə məşğul olmağa göndərmişdi. Balaca Hüseyn valideynlərinin onun üzərində çəkdikləri əziyyəti heç vaxt hədər verməyib. İdman sahəsində də uğurları ilə fərqlənməyi bacarıb. Elə bil balaca vaxtından qəhrəman olmağa hazırlaşırdı igid şəhidim. Həsən dayı oğlunun necə ağzıbütöv, mərd, cəsur, qorxmaz olduğunu vurğulayaraq “prokuror atası” kimi fəxrlə danışırdı. “Hüseyn ali məktəbə ayaq basanda universitetin yarısı onunla salamlaşırdı” ata oğlunun hörmət sahibi olmasından qürurla söz açdı. Valideynləri onun həkim olmasını istəsələr də qəhrəmanım ədalətin keşikçisi olmağını özünə daha çox yaraşdırırdı. “Sən demə magistraturaya da qəbul olubmuş. Amma istəmədiyi ixtisas olduğuna görə bizdən gizlədib. Dostlarına deyibmiş ki, əsgərlikdən qayıdandan sonra yenidən hazırlaşacaq. Bəlkə də vətənə borcunu ödəmək üçün o təhsilini davam etdirmək istəməyib”. Gülxar ananın sözünü Həsən dayı davam etdirdi: “Elə həvəsliydi əsgər gedəcəyinə görə. Qapıdan uça-uça çıxdı, elə bil tələsirdi.” Hüseyn cənnətə tələsirdi, Həsən dayı. “Hə, heç mənimlə də düzəmməli görüşmədi, onsuz da qayıdacağını söylədi. Dedi arxamca hərbi hissəyə gəlməyin!” Gülxar ana həyəcanlı idi. Hələ də oğlunun yoxluğunu qəbul etmir. Əsgərlikdən qayıdacağını gözləyir, çünki Hüseyn geri dönəcəyinə söz vermişdi. “İndi də görürsən ki, arada qızlarıma Hüseynin gələcəyi ilə bağlı qurduğum planlardan danışıram. Onlar oğlumun gəlməyəcəyini deyəndə əsəbləşirəm. Deyirəm ki, deyin yaxşı ay ana, gələcək. Axı Hüseyn şəhid olub. Şəhidlər isə heç vaxt ölmür”. Hüseyn XTQ-nin əsgəri idi. Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edirdi. Elə şəhid olmamışdan bir neçə gün əvvəl - 20 sentyabrda ailəsi ilə uzun-uzadı danışmışdı. Təxminən iki saata yaxın davam edən sonuncu telefon söhbətindən sonra anasına “deyəsən mənimlə danışmaqdan yoruldun, ana. Niyə sağollaşmağa can atırsan?” demişdi. Gülxar ananın qulaqlarında indi oğlunun iki saatlıq səsi də qalıb. Hələ də oğluyla daha çox danışmadığının peşmançılığını çəkir. Həsən dayının ürəyində isə bir nisgili var: “Şəhid olarkən yanındakı sirdaşını tapa bilmədik. Görəsən, Hüseynin son sözü, son istəyi nə olmuşdu?!” İndi atası oğlunun son nəfəsdə demək istədiklərini heç olmasa yuxusunda görüb eşitmək istəyir. Bəlkə Hüseynin atasından bir xahişi, bir arzusu, bir istəyi vardı?! Həyat ilə ölüm təzaddır. Hüseyn qəhrəmanlıq məktəbinin imtahanından alnıaçıq, mərd və fədakarcasına keçməyi bacardı. Döyüş bölgəsində ayağından yaralanan əsgər yoldaşını xilas etmək istəyərkən düşmən snayperinin gülləsinə tuş gəlmişdi. Dəlik açmış qəlbində sevdasını da özü ilə apardı. Məktəb illərindən sevdiyi qızla yolları Bakı Dövlət Universitetində də birləşmişdi. Sevdiyinin adını hətta anasından da gizlədərmiş. Gülxar ana “gəlini ilə” oğlunun dəfnində tanış olub. Hüseynin könül qoyduğu xanımla da tanış olmaq istəyirdim. Gülxar ananın telefonunda “qızım” adıyla qeyd olunan nömrəni götürdüm. “Qızım, amma axşam zəng eləmə, birdən narahatlıq yaranar evlərində, sabah danışarsan” - xahişi ilə razılaşdım.
Bir saatdan çox vaxt keçmişdi, nədənsə zamanın su kimi axdığının fərqində deyildik. Hüseynli xatirələr ata-ananın dilində dastana dönürdü. Evdə hətta yumurta belə bişirə bilməyən Hüseynin tələbəlikdəki “aşbazlığını”, səliqə-səhmanını ağız dolusuyla danışırdı Gülxar ana. Atası isə iki bacının bir qardaşı olan Hüseynin ərköyünlüklərini yadına salırdı. İndi Hüseyn 21 illik xatirələri ilə ömürlük ata-anasının sözlərində yaşayacaq.
“Elə xatirələr var ki, danışsan gözəlliyi gedər”. Ancaq Hüseyn barəsində yada düşən ən xoş anlardan söhbət etdikcə xatirələr daha da gözəlləşir. Şəhidin bacıları- Günel və Gülnar qardaş həsrəti ilə barışa bilməsələr də birlikdə keçirdikləri gözəl vaxtları sevgiylə, təbəssümlə xatırlayırlar. Evin kiçiyi olsa da bacıları Hüseyni böyük qardaş kimi qarşılayırdılar. “Hüseyn elə kişi xarakterli, ciddi bir insan idi ki, biz onu özümüzdən yaşca böyük hesab edirdik, hörmətini saxlayardıq, məsləhət alardıq.” Günelin sözləri boğazında düyünləndi. “Yaxşı ki, heç olmasa ikimizin də toyunu gördü, belimizi bağladı qardaşım.” Hüseyn dayılıq hissini də yaşamışdı: bacısının bir oğlu, bir də qızı vardı. Bacısı oğlunu özü oxutduracağını, onu da özü kimi cəsur yetişdirəcəyini demişdi. Əsgərliyə getməmişdən bir neçə gün öncə də bacısı oğluyla xatirə şəkli çəkdirmişdi. İndi həmin foto Hüseyndən geriyə qalan guşədə saxlanılır. Şəkil çəkdirməyi sevmədiyindən qəhrəmanımın fotoları çox azdır.
Ciddi, mərhəmətli, eyni zamanda sevgi dolu bir xarakterə sahib idi. Kiçik yaşlarında atası ilə dost olan Hüseyn, böyüdükcə anasına daha çox bağlanmışdı. Universitet illərində anasına bağlılığını, sevgisini göstərmək üçün telefonda paylaşımlar edərdi: “Evə ona görə tez qayıtmaq istəyirəm ki, o evdə anam işıq saçır”. “Ana mahnılarına yaman çox qulaq asardı. O mənim xarakterimi daşıyırdı. Bir-birimizə çox bağlıydıq. Amma görünür, vətəni məndən daha çox sevirmiş”
Gülxar ana oğlunun torpağa olan məhəbbətini şərəflə qeyd edirdi. “Uşaq vaxtı atası onu “Dədə Qorqud”dakı Tural kimi böyütmək istəyirdi. Hüseyn o qədər mərdiydi, vətəncanlıydı ki, eləcə istəyirdi, gedib hərbi xidmətini keçsin. O, qanıyla Azərbaycan torpağını birləşdirdi”. Əslində şəhid ailələri ilə görüşəndə dərk edirsən: Vətən, belə ailələrdən başlayır! Anadır vətəni sevdirən, atadır oğulu igid, mərd, qəhrəman edən! Bacıdır qardaşı torpaq qarşısında qeyrətli edən, sevgidir, sevgilidir vətən! Bu məhəbbət bizə tariximizdən, ədəbiyyatımızdan miras qalıb. Biz bu sevgini M.Şəhriyar, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Abbas Səhhət şeirlərində hiss eləmişik:
“Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.” (A.Səhhət)
Sağollaşıb ayrıldım. Gülxar ana məhlələrinin qapısınadək məni ötürməyə gəldi. “Hələ başım dumanlıdı. Hüseyn Bakıda oxudu, sonra əsgər getdi, yanımda olmadı deyə hələlik yoxluğunu dərk eləmirəm. Sonra necə olacağını bilmirəm”. Həzin payız mehi vurdu üzümə. Qapıdan çıxanda geriyə dönüb Gülxar ananı qucaqlamaq keçdi ürəyimdən. “Tək təsəlliniz onu vətən uğrunda itirməyiniz və 2913 şəhid anasıdır” dedim və bağrına qısıldım. Şəhid Hüseynin qoxusunu anasının isti nəfəsində duydum. Asta-asta küçələrindən ayrılırdım ki, payızın soyuq yağışı çisələdi. O anda anladım: bu yağış, şəhid analarının göz yaşıdır. İndi həyəcanla sabahın açılmasını gözləyirdim. Hüseynin uzun illər sevdiyi o qızla danışacaqdım.
“Bəzən birini öz həyatından daha çox sevərsən”- Hüseynin ilk sevgi etirafı idi. Məktəb illərində o “biri” sevdiyi qız, hərbi xidmətə yollananda isə Vətən həyatından dəyərli oldu.
Onlar sevgi hekayələrini universitet illərində yaşamağa başlamışdı. Hüseyn tələbəlik dövründə çalışqanlığı ilə seçilirdi. Hətta sevdiyi qızın dərslərinə də kömək edirdi. Qrup yoldaşları Hüseyni mehriban, düzgün insan kimi xatırlayırlar. Sevgilisinin sözlərinə görə, Hüseyn hər zaman hər şey üçün tələsirdi. Əsgərlikdən qayıdan kimi nişanlanmağı düşünürdü. Evlənən kimi isə Bakının “Elmlər Akademiyası” hissəsində yaşamağı planlaşdırırdılar. Münasibətlər arasında daim mübahisə olur. Hüseyn aradakı incikliyi götürmək üçün “bir gün küsdüyümüz günlərə görə peşman olacaqsan” deyirdi. Bəli, indi o təəssüflüyün acısını çəkir nazlı nigarın. Hətta şəhadətə yüksələn gecə sevgilisi yuxuda Hüseyni görüb, ürəyi sıxılıb, narahatlığının səbəbini başa düşməyib. Sonralar isə yenə röyalarında Hüseyn onu tək buraxmayıb: “Bir gecə yuxuda gördüm ki, balaca bir evdir, pəncərədən baxaraq Hüseyni gözləyirəm. Onun çox sevdiyim mavi köynəyi vardı. Sonra o köynək əynində gəlir, məni qucaqlayıb deyir: “Gəl, səni gözəl yerə aparacam” Dəfələrlə yuxuma gəlib, darıxdığını söyləyir. Mən də hər gün onun videolarına, şakillərinə baxaraq təsəlli tapıram. Ürəyim köz oldu, amma fəxr edirəm” deyərək sözlər nitqində qurudu sanki. Artıq Bakıda yaşasa da Hüseyn Gəncədə dəfn olunduğuna görə, dəfələrlə bura qayıtmaq, Gəncədə yaşamaq haqqında düşünüb. Özünə söz verib ki, Gəncəyə hər addım atdığında ilk gedəcəyi yer şəhidinin uyuduğu Şəhidlər Xiyabanı olacaq.
Bəli, igidlik, qəhrəmanlıq simvoluna çevrilən Şəhidlər Xiyabanı sevgililərin, ana-ataların, bacı-qardaşların, dostların, yaxınların baş çəkdiyi müqəddəs məkandır. O yer ki, bir an belə düşünmədən vətənini, bayrağını hər şeydən, hər kəsdən üstün bilib döyüş meydanında canlarına sipər edənlər uyuyurlar. Xalq şairimiz Ramiz Rövşənin vətən haqqında yazdığı yeni şeirdə bütün şəhid valideynləri, yaxınları adından arzuları dilə gətirilib:
Bülbül cəh-cəh vursun hər gül kolunda
Daha qan sızmasın yaralarından
Ölüm uzaq dursun sənin yolunda
Qurban gedənlərin balalarından
Daha dağlarından, dərələrindən
Tütək səsi gəlsin, tüfəng yerinə
Daha bayraqlara şəhidləri yox,
Bükək körpələri bələk yerinə...
İndi əminliklə deyə bilərik ki, artıq bütöv Azərbaycanın başı üzərində dalğalanan üçrəngli bayrağa yeni doğulan körpələr bürünəcək. Çünki bu vətən torpağı mübarizlərin, poladların, xudayarların, ilqarların, hüseynlərin təmiz, igid qanları ilə düşmən tapdağından təmizlənib.
1999-cu ilin sərin bir yaz səhəri doğulub Quliyev Hüseyn Həsən oğlu. 2020-ci ilin bir soyuq payız gecəsi isə ölümün ən ali uca məqamına – şəhidlik zirvəsinə ucalıb. Bu dünyanın fövqündədi yeri. 44 günlük Vətən müharibəsində onun da zəfər payı var. Ali Baş Komandan, prezident İlham Əliyevin mədəniyyət beşiyimiz Şuşa şəhəri erməni işğalçılarından azad olunanda Şəhidlər Xiyabanından bu xəbəri çatdırmağı da təsadüfi deyildi. Ali Baş komandan şəhidlərin ruhu qarşısında baş əyərək, onlara təşəkkürünü bildirmişdi. O, torpaqlarımızın qəhrəman oğullarımızın sayəsində geri qaytarılmasını vurğulamaq üçün məhz belə addım atmışdı. Bu, yaşından, irqindən, cinsindən asılı olmayaraq Vətən müharibəsində can qoyanlar üçün sağol idi. Bəli, İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Çünki dövlət başçısının da dediyi kimi, Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmayıb. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik.
Prezident hərbçilərlə görüşündə şəhid ailələrinə təsəlli verərkən ürək yanğısını nitqi ilə ifadə edirdi: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını vətən uğrunda qurban veriblər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin qanını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı.” Daha bir çıxışında vətən uğrunda şəhid olmuş insanların xatirəsinin əziz olduğunu, onların ailələrinə xidmət etməyi hər birimizin mənəvi borcu bilib. Bu, həm də o deməkdir ki, indi hər bir Azərbaycan oğlu, qızı şəhid valideynlərinin övladlarıdır. Onların qulluğunda vətən qarşısında olduğu kimi, müsəlləh əsgər tək dayanmalıyıq. Prezident İlham Əliyev şəhidlər haqqında nə qədər qəlb ağrısı, oğul itirən ailə başçısı kimi çıxış edirsə, bir o qədər də sözlərindəki məğrurluğu ilə onlarla iftixar hissi keçirdiyini də hiss etdirir: “Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir”.
Məhz igid oğullarımızın qəhrəmanlıqlarını qiymətləndirmək üçün onların şərəfinə medallar təsis olundu. Elə Quliyev Hüseyn də dövlət başçısının müvafiq sərəncamları ilə şəhadətindən sonra “Hərbi xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Şəhidin ailəsi tarixi qələbimizdə oğullarının da payı olduğundan fəxarət hissi keçirir. Onun geridə qoyduğu şərəfli ad hər kəsin yaddaşında əbədi həkk olunacaq. Çünki Hüseyn Bakı Dövlət Universtetində öyrəndiyi tarixi, indi özü yazdı. Yazdı, Vətənimizin şərəfini, xalqımızın başını ucaltdı!
Firuzə Əliyeva,
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının I kurs magistrantı