BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar keçirilib
Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilib.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu əvvəl keçirilən görüşlərin tələbələr tərəfindən maraqla qarşılandığını və media sahəsində daha çox məlumat əldə etməyin zəruriliyini vurğulayıb. O, həmçinin, audiovizual media, media subyektləri, media subyektlərinə dair tələblər kimi məsələlərin da tələbələr üçün vacib mövzu olmasını diqqətə çatdırıb.
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov gələcək media nümayəndələri ilə görüşlərin keçirilməsinin əhəmiyyətini, medianın tədrisində nəzəri biliklər ilə təcrübənin vəhdətinin zəruriliyini, bu istiqamətdə belə seminarların vacibliyini qeyd edib.
Ötən görüşdə yaranan sualları nəzərə alaraq, Audiovizual Şura nümayəndələri seminarda "Azərbaycanda media subyektləri" mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı tələbələrin sualları cavablandırılıb, sonda suallar əsasında media sahəsini əhatə edən bir çox məsələlər müzakirə edilib.