BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu: “Bu jurnalistlərə qarşı terrordur”
Şəhidlik zirvəsinə ucalmış iki jurnalist haqqında Bakı Dövlət Universitetinin dekanı Vüqar Zifəroğlu bunları deyib: "Bu gün Azərbaycan jurnalistikası İkinci Qarabağ müharibəsinin ilk və inanmaq istəyirəm ki, son şəhidlərini verdi. Azərbaycan Televizyasının operatoru Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimov öz peşə borclarını yerinə yetirdikləri zaman erməni terrorunun qurbanı oldular. Hər iki həmkarımız əsasən cəbhə bölgələrindəki fəaliyyətləri ilə böyük peşəkarlıq göstərməklə yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə apardıqları çəkilişlərlə əslində həm də erməni vandalizminin miqyasının nə qədər dağıdıcı və böyük olması ilə bağlı vacib, əhəmiyyətli bir vəzifə yerinə yetirirdilər. Hər birimiz üçün ağrılı itkidir... Lakin bu ağır terror yalnız öz peşə borcunu vicdanla, ləyaqətlə, peşəkarlıqla yerinə yetirən iki media quruluşumuza qarşı yönəlmiş bir akt deyil. Bu hətta yalnız Azərbaycan jurnalistikasına qarşı yönəlmiş bir qəsd kimi də qiymətləndiriməməlidir. Baş verən bu faciə həm də ümumilikdə jurnalistikaya qarşı bir qəsddir, terrordur. Söz azadlığından, azad və sərbəst jurnalist fəaliyyətindən, insan hüquqlarından ağızdolusu danışan beynəlxalq təşkilatlar bu terrora səssiz qalmamalıdır. İndiyədək bütün tələblərə rəğmən basdırılmış minaların xəritələrini verməkdən boyun qaçıran terror dövləti Ermənistana beynəlxal təzyiq olmalıdır. Olmalıdır ki, günahsız insanlar, öz peşə borclarını yerinə yetirmək üçün həmin ərazilərə ezam olunmuş şəxslər bu cür xain tələlərdə həyatlarını itirməsinlər, erməni terroruna məruz qalmasınlar."