BDU-da “Texnologiya və biz” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Texnologiya və biz” adlı tədbir keçirilib. Tədbirin qonağı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz olub.
Tədbiri giriş sözü ilə açan dekan müavini Samir Mirzəyev qonağı tələbələrə təqdim edib, onun fəaliyyəti ilə bağlı auditoriyaya geniş məlumat verib.
Osman Gündüz tələbələri salamlayaraq internetin yaranma tarixindən, süni intellektin həyatın əksər sahələrinə təsirindən bəhs edib. Klassik və ənənəvi medianın inkişaf mərhələlərindən danışan qonaq faktların dəqiqliyi və analitik yanaşmanın müasir jurnalistika üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Süni intellektin media sahəsinə təsirindən danışan Osman Gündüz redaksiyaların getdikcə kiçildiyini bildirib. Süni intellektdən balanslı və düzgün istifadə etməyin vacibliyini vurğulayan qonaq qeyd edib ki, yalnız süni intellektlə işləyən və standart xəbər yazan media nümayəndələrinə gələcəkdə tələbat azalacaq.
Tədbirdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.