Baş Prokurorluğun Elm-Tədris Mərkəzində təlim keçirilib
Azərbaycan Respublikası Baş prokurorunun 04.04.2022-ci il tarixli 04 №-li Sərəncamına əsasən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Mətbuat xidmətinin işçiləri və tabe prokurorluqlarda KİV-lə əlaqələrə görə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda qarışıq (əyani və distant) formada təlim keçirilir.
Cari ilin aprel ayının 12-dən 14-dək davam edəcək. Təlimlərin təşkil edilməsində başlıca məqsəd müvafiq sahədə fəaliyyət göstərən prokurorluq işçilərinin peşə biliklərinin artırılması və sosial media ilə peşəkar davranışın müasir tələblərə uyğunlaşdırılmasıdır.
Tədbirə təlimçi qismində Baş Prokurorluğun işçiləri ilə yanaşı, Medianın İnkişafı Agentliyinin və Ədliyyə Akademiyasının əməkdaşları, Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin müəllim heyəti cəlb edilib.
Müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilməklə, təlim çərçivəsində mühazirə, təqdimat və sair formalarda tədris edilən və xüsusi maraq doğuran məşğələlərin elektron mətni dinləyicilərə təqdim olunur.
Keçirilən təlim proqramı çərçivəsində aprelin 12-də Jurnalistika fakültəsi Beynəlxalq informasiya və siyasəti kafedrasının dosenti, Media İnkişaf Agentliyinin nümayəndəsi Pərvanə İbrahimovanın “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”, aprelin 13-də isə Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyevin “Xidməti məlumatların kütləvi informasiya vasitələrinə çatdırılma qaydası və onun nümayiş etdirmə üslubları”, Jurnalistika fakültəsinin dekan müavini, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Esmira Rövşənovanın “Sosial media üçün məlumatların hazırlanma metodikası”, Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İradə Xəlilovanın “Prokurorluq orqanlarında sosial media və ictimaiyyətlə ünsiyyətdə etik dəyərlərin qorunması” mövzularında təlimləri keçirilib.