“Bakı Universiteti” qəzeti BDU-nun yeni islahatlar sistemində
Azərbaycanımızın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti yarandığı 1919-cu ildən bu günədək xalqın xidmətində olmuş, ölkəmiz üçün və hətta bir çox xarici ölkələr üçün minlərlə kadr hazırlamışdır. BDU həmişə öz fəaliyyətində yeniliyə can atmış, elm və təhsil sahəsində dünyanın ən vacib təcrübəsinə söykənmişdir. Onun məzunları sırasında Ümummilli Liderimiz Heydər Əliyev kimi dünya şöhrətli bir dövlət xadimi var. Universitetimizin xalqa göstərdiyi böyük xidmətlərə istinadən Heydər Əliyev bu elm və tədris ocağını Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirmişdir. Ümummilli Liderimizin BDU haqqında belə bir fikri indi dillər əzbəridir: “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”. Müstəqil Azərbaycan dövlətinin banisi və onun müqəddəs dövlətçilik məktəbinin uğurlu davamçısı Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirmişlər. Dövlətimizin Universitet qayğılarını yüksək tutan yeni rəhbərlik BDU-da çox ciddi islahatlar aparmaqdadır. Bu islahatların gerçəkləşməsi və təbliği işində 92 yaşlı “Bakı Universiteti”nin fəaliyyətini diqqətdə saxlayan rəhbərlik bu çoxtirajlı qəzetin də yenidən qurulmasına nail olmuşdur.
Bu günkü nəsil üçün bir Universitet qəzetinin “çoxtirajlı”adlandırılması qəribə görünə bilər. Necə olur ki, yüz min tirajla çap olunan qəzetlərə deyil, min nüsxə tirajla nəşr olunan sahə qəzetlərinə “çoxtirajlı” epiteti verilir? Məsələ burasındadır ki, sovet hakimiyyətinin ilk illərində miqyası ilə seçilən fabrik-zavodlarda, Universitetlərdə nəşr edilməyə başlayan qəzetlər bu müəssisələrdəki divar qəzetlərini əvəz etdi və əgər “divar” qəzeti cəmi bircə nüsxə olub müəssisənin adam çox olan yerində divara yapışdırılırdısa, indi onu rektoqraf vasitəsilə çap edilən qəzetlər əvəz edirdi. Bu qəzetlərin tirajı divar qəzetlərilə müqayisədə çox olurdu və ona görə də onlara “çoxtirajlı” adı verilmişdi. Sovet İttifaqında belə qəzetlər 1920-ci illərdə meydana gəlib. Sonralar həm də “sahə qəzetləri” kimi adlanan bu mətbuat orqanları sırasında Bakı Universitetinin çoxtirajlı qəzeti də layiqli yer aldı. Bu qəzet öz fəaliyyəti dövründə müxtəlif adlarla nəşr edilib: “Student”, “Lenin tərbiyəsi uğrunda ” və yeni müstəqillik illərindən başlayaraq “Bakı Universiteti” adı ilə nəşr edilməkdədir.
Bir daha xatırladaq ki, BDU-da aparılan müasir islahatlar sistemində bu qəzetin də daha səmərəli bir media nümunəsi olması üçün zamanın nəbzinə uyğun yeni tədbirlər planı həyata keçirildi.
Hər şeydən əvvəl qəzetin mövzu dairəsi diqqətdən keçirildi. “Bakı Universiteti”nin XX əsrin çağrışlarına uyğun dizayn formatı yaradıldı. Qəzetin buraxılışı bütün cəhətləri ilə BDU-nun Jurnalistika fakültəsinə tapşırıldı. Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının əməkdaşı Afaq xanım Sadıqovaya qəzetin buraxılışına məsul şəxs kimi bir vəzifə tapşırıldı. Universitetin prorektoru Əliş Ağamirzəyev başda olmaqla professorlar Vüqar Əliyev, Cahangir Məmmədli, Həmid Vəliyev və Allahverdi Məmmədli qəzetin redaksiya heyətinə seçildilər.
“Bakı Universiteti” qəzetinin loqosu yeniləndi. Əlbəttə, loqoda qəzetlərə xas olan ənənəvi çıxış nöqtələri yerləşdirildi. Ən maraqlı cəhət budur ki, qəzetin 1-ci səhfəsinin lap yuxarısında Ulu Öndərimizin bu sözləri əbədi olaraq öz yerini tapdı: “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” İmza: Ümummilli Lider Heydər Əliyev.
Heydər Əliyevin daha bir fikri qəzetin adının altında yer alıb: “Milli tərəqqi elm və təhsil ocağından başlayır”. Ulu Öndərin bu fikri “Bakı Universiteti” qəzetinin ümumi fəaliyyət konsepsiyasının açarıdır. Məhz elə buna görədir ki, qəzetin hər buraxılışında Heydər Əliyevin milli təhsil konsepsiyası birbaşa və ya dolayı yolla öz ifadəsini tapır.
Qəzetin 2019-2021-ci il buraxılışlarına ardıcıl olaraq diqqət yetirilsə görünəcək ki, “Heydər Əliyev-milli varlığımızın xilaskarı kimi”, “15 iyun-Milli Qurtuluş Günüdür”, “Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 51-ci il dönümünə həsr olunmuş onlayn tədbir”, “18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür” və s. publisistik yazıların hamısında Ulu Öndərin xalqa xidmət motivləri var.
“Bakı Universiteti”, əlbəttə elm və təhsil ocağının qəzetidir. Lakin qəzetdə aparılan mövzuya baxış islahatı belə bir fəaliyyət xəttinə gətirmişdir ki, Universitet kollektivi üçün nəşr edilən bu qəzet BDU-nun daxili fəaliyyətini ölkəmizdə ümumi dövlətçilik fəaliyyəti ilə uzlaşdırmaq xəttini əsas götürmüşdür. Məsələn, “Bakı Universiteti” qəzeti 44 günün Vətən müharibəsindəki hadisələri-Universitet məzunlarının əsgər həyatı, parlaq qələbəmizi qazanmış ordumuz, Ali Baş Komandan, BDU-nun ordumuza köməyi, şəhidlər və s. kimi vacib mövzuları öz səhfələrinə çıxarmışdır. Bütövlükdə milli qəhrəmanlarımız, qazilərimiz, əsgərlərimiz qəzetin əsas mövzuları sırasında yer almış və almaqdadır.
Milli tariximizin ən müasir hadisələri-20 yanvar qətliamı, Xocalı soyqırımı, bütövlükdə Ermənistanın bizə qarşı xəyanətkar terrorları qəzetin aparıcı mövzular kimi qeyd olunmalıdır.
Hər bir Universitetin Elmi Şurası bu təhsil ocağının əsas qərarlar verən bir qurumdur. BDU Elmi Şurasının fəaliyyətini hər zaman diqqətdə saxlayan qəzet həm də bu qərarların dinamikasını, səmərəsini, yerinə yetirilməsi səviyyəsini işıqlandırır.
“Bakı Universiteti” 25 minlik bir kollektivin qəzetidir. Onun əsas müəllifləri bu Universitetin müəllimləri və tələbələridir. Əlbəttə, desək ki, hər şey rəhbərliyin fəaliyyətindən asılıdır, səhv etmərik. BDU-nun rektoru Elçin Babayev həm bir rəhbər kimi, həm də elmə, tədrisə, ölkə həyatına çox-çox istedadla yanaşan bir alim kimi tanınır. Onun Vətən müharibəsi dövründəki ardıcıl publisistikası maraqlı mövzularla zəngindir. Azərbaycanda koronavirusla mübarizədə dövlət səviyyəsində görülən tədbirlərə həsr olunan “Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir” ( 21 may), Vətən müharibəsindəki zəfərimizə həsr olunmuş “Qarabağın fəthi Xalq-Komandan-Ordu birliyinin qələbəsidir” (27 noyabr), İlham Əliyevin zəfərimizdəki rolunu təhlil edən “ Hər bir azərbaycanlının Prezidenti” , Azərbaycan gəncliyinə mənəvi dəstək verən “Gənclərimiz elm və təhsilin davamlı inkişafının hərəkətverici qüvvəsidir” və s. kimi dərin məzmunlu elmi-publisistik məqalələri “Bakı Universiteti” qəzeti ilə bərabər respubilkamızın ən populyar media orqanlarında da dərc olunub.
Azərbaycan elm və təhsil sistemində ən qabaqcıl bir ocaq kimi tanınan BDU dünyanın bir çox aparıcı Universitetləri ilə birgə fəaliyyət memorandumları imzalayır. Universitetin Hüquq fakültəsi və onun dekanı Əmir Əliyevin təşəbbüsü ilə təkcə elə bu fakültə aparıcı beynəlxalq Universitetlərlə elmi-praktik əlaqələr yaradır və bu tip mövzular “Bakı Universiteti” ndə geniş işıqlandırılır.
Qəzetin işinə yaxından kömək edən və həm də onun müəllifi kimi müxtəlif mövzulu yazıları diqqətə çəkən alimlərimiz çoxdur.
“Bakı Universiteti” qəzeti 1000 nüsxə tirajla bütün fakültələrə pulsuz paylanır. Onun səhvələrində zaman-zaman bu fakültələrin elmdə, tədrisdə tanınan müəllimləri haqqında portret yazılar yer alır.
Bir sözlə, “Bakı Universiteti” BDU-nun ən sınanmış tarix mənbəyidir. Bu mənbə yəqin ki, həm də tarixçilərimizin, jurnalistlərimizin, politoloqlarımızın tədqiqat obyekti olacaqdır.
Mehdizadə Günel