AZƏRTAC-ın növbəti təcrübə proqramının iştirakçılarına sertifikatlar verilib
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) növbəti təcrübə proqramında iştirak edən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə sertifikatlar təqdim olunub.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev tələbələrlə görüşündə təcrübə proqramının məqsədinin gənc kadrların yetişdirilməsi və jurnalistika sahəsində praktik biliklərin artırılması olduğunu deyib. Agentlikdə artıq bir neçə gəncin təcrübə proqramından sonra işlə təmin edildiyini qeyd edən İdarə Heyətinin sədri bildirib ki, gənclər bu proqram sayəsində agentlik jurnalistikasını daha dərindən mənimsəyə bilirlər.
Böyük təcrübə topladıqlarını deyən tələbələr əmək fəaliyyətlərini jurnalistika ilə bağlamaq niyyətində olduqlarını söyləyiblər. Onlar təhkim olunduqları redaksiyalarda əldə etdikləri bilik və bacarıqların gələcək karyeralarında qiymətli olacağını bildiriblər.
Xatırladaq ki, AZƏRTAC-ın təcrübə proqramında BDU-nun və digər universitetlərin Jurnalistika fakültəsinin tələbələri iştirak edir. Onlar Agentliyin Azərbaycan, rus və digər dillərdə informasiya redaksiyalarında 3 aylıq təcrübə keçirlər. Sayca ikinci olan təcrübə proqramına artıq 30-a yaxın tələbə qatılıb, fərqlənənlərə sertifikatlar təqdim olunub.