Azərbaycanlı "Nobel" sülh mükafatçısı jurnalist tələbələrin qonağı olub
Bakı Dövlət Universitetinin məzunu, ilk Azərbaycan əsilli Nobel mükafatçısı Bəxtiyar Siracov Jurnalistika fakültəsinin qonağı olub.
Əvvəlcə fakültənin dekanı Vüqar Əliyev qonağı tələbələrə təqdim edib, onun fəaliyyətini Azərbaycan elminin uğuru kimi dəyərləndirib.
Professor Cahangir Məmmədli Norveç Sülh Komitəsinin qərarı ilə 2005-ci ildə Nobel sülh mükafatına layiq görülən və 26 il Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məsul əməkdaşı olan həmyerlimiz haqqında jurnalist tələbələrə məlumat verib. Bəxtiyar Siracov öz növbəsində məzunu olduğu universitetdə tələbələrlə görüşdən məmnunluğunu ifadə edib. Qonaq tələbəlik illərindən tutmuş AEBA-dakı fəaliyyətinədək keçdiyi yol barədə ətraflı məlumat verib, elmin inkişafına gənclərin töhfəsinin vacibliyini vurğulayıb. B.Siracov bilik və təcrübələrindən bəhrələndiyi Azərbaycan alimlərini minnətdarlıqla yad edib, onların yetirmələrinin bu gün dünyanın nüfuzlu universitetlərində, elm mərkəzlərində çalışdığını fəxrlə bildirib. Qonaq gəncləri elmi irsi daha dərindən və mükəmməl öyrənməyə, eyni zamanda tarixi ənənələrdən bəhrələnməyə çağırıb. Bəşəriyyətin uğuru və firavan gələcəyinin elm adamlarının uğurundan asılı olduğunu deyən Nobelli alim tələbələrin ünvanladığı çoxsaylı sualları cavablandırıb. Səmimi interaktiv mühitdə keçən görüşə görə universitet rəhbərliyinə və jurnalist tələbələrə təşəkkürünü bildirib.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin 105 illiyi çərçivəsində Jurnalistika fakültəsində silsilə tədbirlər keçirilir. Tələbələr tanınmış məzunlarla görüşür onların fəaliyyəti ilə yaxından tanış olurlar.