Azərbaycanın 100 il əvvəlki parlament jurnalistləri
Çoxu onu sadəcə dünya şöhrətli bəstəkar kimi tanıyır. Bəlkə də milyonların xəbəri yoxdur ki, bəstəkar ruhun arxasında çox istedadlı, vətəninə bağlı bir publisist qələmi dayanır.
Söhbət Azərbaycan bəstəkarı, eyni zamanda publisist Üzeyir Hacıbəylidən gedir...
Parlament fəaliyyəti
Üzeyir Hacıbəylinin AXC dövründə parlamentdə müzakirə edilən məsələlərin işıqlandırılmasında da xüsusi rolu olub...
Üzeyir Hacıbəylinin parlamentdəki fəaliyyəti ilə bağlı Bakı Dövlət Universitetnin Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova danışıb:
"Cümhuriyyət qurucularından olan Üzeyir Hacıbəylinin AXC dövrü mətbu irsi də üzərinə qadağalar qoyulmuş dəyərlər sırasında tədqiqatlardan kənarda qalıb. Tədqiqatçı Aslan Kənan Üzeyuir bəyin “Azərbaycan” qəzetindəki indiyədək çap olunmamış, bu günümüzlə səsləşən, AXC dövrünün bütün uğurlarını və qarşılaşdığı çətinlikləri özündə əks etdirən felyetonlarını, publisistik məqalələrini və məktublarını toplayaraq “Bayrağımız sarsılmaz” adı altında nəşr etdirib.
Üzeyir bəyi “Azərbaycan” qəzetindəki məqalələrində vətənpərvər, istiqlal aşiqi, azərbaycançılıq ideologiyası ilə yoğrulmuş bir publisist kimi görürük. İllərlə arzuladığı bir amala çatan ədibin 1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılışı münasibəti ilə yazdığı "Təəssürat” silsilə məqalələrini oxuyan hər kəs bunun şahidi ola bilər:
"Parlamanımız açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi...
Parlaman imarətinin içində zinyət cümləsindən calibi-diqqət olan şey qiymətli xalılar degil idi, bəlkə fiatı ucuz, lakin mahiyyəni-milliyyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayraqlarımız idi.
Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endirilməz!” - dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladədən başımın tükləri biz-biz durdu".
Daha sonra Milli Şura rəisi M.Ə.Rəsulzadənin üzbəüz qapıdan girişini təsvir edir və siyasi lider kimi onun maraqlı portretini yaradır: “Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı”. (“Azərbaycan” 9 dekabr 1918, N60)
100 il keçməsinə baxmayaraq bu gün də Parlamentin açılışından verilən bu reportajı oxuyan hər kəs müstəqil və azad vətənini bütün varlığı ilə sevən bir vətəndaşın, bu yolda hər fədakarlığa hazır olan insanın səmimi duyğularının və milli qürurunun şahidi olur.
Jurnalistin parlamentin açılması ilə bağlı digər yazısı “Tarixi günümüz” (7 dekabr 1918, N58) Azərbaycan dövlətçiliyinin tarixi baxımından əhəmiyyət kəsb edir. Yüz, yüz əlli il bundan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan torpağının rus əsarətindən xilas olub təkmill bir hökumət şəklinə girməsini alqışlayan ədib yazır:
“...bu torpaq üzərində qurulmuş olan saxta və əməli hüdudları silinib-süpürülüb müttəhid və vəsi bir ərazi şəklinə girdi və bu gün xilas olub da iki milyon mütəcaviz nüfusilə Azərbaycan Cümhuriyyəti namini daşımağa kəsbi-ləyaqət etdi...Azərbaycan Cümhuriyyətinin Milli Parlamanı, Milli Məclisi açılmaqla təşkilat və tərtibati-siyasiyəsi artıq itmamə yetir”.
Üzeyir Hacıbəyli “Azərbaycan Parlamanı” (5 dekabr 1918, N 55) məqaləsində qeyri- müsəlman cəmiyyətlərin-xarici və daxili düşmənlərin yeni qurulmuş hökumət əleyhinə apardıqları təxribata qarşı çıxaraq onların Azərbaycan türklərinin azad və firavan yaşamalarına qarşı olan məkrli niyyətlərini açıb göstərir. Dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəməyənlərə, lal edilib hüquqları alınmış bir millətin açılıb söz söyləməsini, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün hakim degil, yalnız müstəqil və azad olmasını qəbul etməyənlərə milli mücahid qətiyyətilə cavab verir:
“...bunu dürüst bilməlidirlər ki, biz Azərbaycan türkləri zor ilə də olsa, güc ilə də, əsarət zəncirini təkrar boynumuza salmaq istəməyəcəyik... milli parlamanımızı, milli şuramızı açaq...kəmali-ciddiyyət ilə işə başlayaq”.
Üzeyir bəy uzun illərin əsarətindən xilas olan bir xalqı izləyən daxili və xarici təhlükələri görür, məqalələrində Azərbaycan istiqlalına qarşı hazırlanan sui-qəsdlərə qarşı xalqı ayıq, daha doğrusu “dördgöz” olmağa çağırır. “Dördgöz olmalıyıq” məqaləsində yazır: “İçimizdə olan düşmənlərin təhlükəsi xaricdə görünən düşmənlərinkindən daha zərərlidir. Xaricdə duranı görürük, lakin içimizdəkiləri hər dəfə görmək mümkün olmuyor. Bunlar əlaltı işlər görürlər və bizə qarşı qəflətən hücumlar və şəbxunlar hazırlıyorlar... keşmiş işlərdə ləkəli olanları və söz və əməllərilə şübhəli görünənləri məmləkətimiz daxilinə buraxmamalıdır, səhvən buraxılmışlar varsa, ərd və ixrac etməlidir...
Xülasə, istiqlalımızı müdafiə və mühafizə yolunda dördgöz olub da xarici düşmənlərimizi dəf üçün hər bir tədbirə bilatərəddüd təvəssül etməlidir”.
Bu gün də sapandı özümüzdən olan “balta”ları, bu torpağın üzərində gəzib xəyanət edən xainləri, maddi nemətlərimizlə yaşayıb üzümüzə ağ olan nankorları görəndə Üzeyir Hacıbəylinin hələ də aktuallığını itirməyən bu tövsiyəsinin vacibliyini və ciddiyyətini bir daha təsdiqləyirsən".
A.Əzimova Üzeyir Hacıbəylinin məqalələrində parlamentdə ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərin də müzakirə olunduğunu bildirib:
"XX ərin əvvəllərində ermənilərin Azərbaycan xalqına qarşı amansız vəhşilikləri, onların Naxçıvan və Şərur, Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir uyezdlərindən ibarət olan Qarabağda kütləvi şəkildə törətdikləri kütləvi soyqırımlar Azərbaycan Məclisi Məbusanın da daim müzakirəyə çıxardığı məsələlərdən idi. Parlamentin 1919-cu il yanvarın 15-də M. Ə. Rəsulzadə tərəfindən növbədənkənar xarici bəyanatında deyilir: “Vətəndaşlar, Naxçıvan və Şərur uyezdlərində və İrəvan quberniyasının sair yerlərində müsəlmanlar, türklər başında yenə tazədən top qumbaraları partlıyor. Müsəlmanlar min dürlü əza və cəfalərə düçar oluyorlar. Hələ erməni-gürcü konfransında əskər tərxisi müzakirə edildikdə ermənilər demişlər ki, bizim daxili düşmənlərimiz var, asilərimiz var, onları tabe və tədib üçün əskər lazımdır: ona görə qoşunumuzu buraxa bilməyəcəgiz. Məgər bu düşmənlər yazıq, torpaqlarından əl çəkmək istəməyən zavallı naxçıvanlılar imiş, məgər bu düşmənlər istiqlaliyyət istəyən, heç kəsə qul olmaq istəməyib müstəqil yaşamaq arzusunda olan müsəlmanlar imiş”.
M.Ə. Rəsulzadənin hökuməti bu məsələdə ciddi tədbirlər görməyə, nahaq tökülən qanların önünü almağa səsləyən çağırışına Üzeyir Hacıbəyli vaxtaşırı “Azərbaycan” qəzetində dərc etdirdiyi məqalələrində münasibət bildirirdi. Ədibin “Andranikin məsələsi” (15 dekabr 1918-ci il, N 65), “Fitnələr qarşısında” (23 yanvar 1919-cu il, N95), “Qarabağ haqqında” (30 yanvar 1919-cu il, N101) və s. məqalələri erməni quldur dəstəsinin başçısı Andranikin Qarabağı “müsəlmanlardan təmizləmək” məqsədilə onları qətlə yetirməsindən, Azərbaycan xalqının ermənilər tərəfindən top-tüfəng yağışına tutulması ilə birgə, həmçinin quru böhtan və iftiralara da məruz qalmasından söhbət açır.
Bu dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolu, milli tarixi və mənəvi dəyərlərimiz sırasında biz və bizdən sonrakı nəsillər üçün qoyduğu mənəvi irs-sərvət bir daha təsdiq edir ki, bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər!...”.