“Azərbaycanda yazıçı-publisistika məktəbləri və müasirlik” mövzusunda elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Firuzə Əliyevanın “Azərbaycanda yazıçı-publisistika məktəbləri və müasirlik” mövzusunda elmi seminarı təşkil olunub.
Əvvəlcə kafedranın müdiri Xatirə Hüseynova çıxış edərək mövzunun aktuallığını vurğulayıb və doktorantın elmi araşdırmalarına uğurlar arzulayıb.
Seminar zamanı Azərbaycanda publisistikanın inkişaf mərhələləri, klassik və müasir yazıçı publisistika məktəbləri, onların ideya-bədii xüsusiyyətləri haqqında geniş məlumat verilib.
Doktorant Firuzə Əliyeva müxtəlif dövrlərdə fəaliyyət göstərmiş publisist yazarların mətbuata, cəmiyyətə və düşüncə tərzinin formalaşmasına təsirini elmi müstəvidə təhlil edib. O, həmçinin müasir dövrdə publisistikanın transformasiya prosesləri, media texnologiyalarının bu sahəyə verdiyi yeniliklər barədə fikirlərini bölüşüb.
Çıxış ətrafında sual-cavab aparılıb, seminar iştirakçıları mövzuyla bağlı fikirlərini və təkliflərini səsləndiriblər.