“Azərbaycan Respublikasının beynəlxalq imicinin formalaşmasında medianın rolu” mövzusunda elmi seminar
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Aytəkin Zeynalovanın “Azərbaycan Respublikasının beynəlxalq imicinin formalaşmasında medianın rolu” mövzusunda elmi seminarı keçirilib.
Seminar zamanı tədqiqatın əsas istiqamətləri barədə geniş məlumat verilib. Qeyd olunub ki, araşdırmanın başlıca məqsədi Azərbaycanın beynəlxalq informasiya-kommunikasiya mühitində imicinin formalaşma prosesini və bu prosesin effektivliyinə təsir edən amilləri elmi əsaslarla təhlil etməkdir.
Çıxışda bildirilib ki, tədqiqat çərçivəsində “yumşaq güc”, “ictimai diplomatiya”, “rəqəmsal diplomatiya” və “millət brendinqi” anlayışlarının Azərbaycan nümunəsində tətbiqi araşdırılıb. Bu yanaşmaların ölkənin xarici siyasəti və beynəlxalq reputasiya strategiyaları ilə əlaqəsi təhlil edilib.
Həmçinin vurğulanıb ki, araşdırmanın məqsədlərindən biri rəqəmsal medianın rolu kontekstində Azərbaycanın qlobal informasiya sisteminə inteqrasiya səviyyəsini müəyyənləşdirməkdir.
Eyni zamanda informasiya təhlükəsizliyi təşəbbüslərinin ölkə imicinə təsiri, eləcə də post-münaqişə dövründə kommunikasiya strategiyalarının informasiya müharibəsi aləti kimi effektivliyi də tədqiq olunub.
Sonda seminar iştirakçıları ilə müzakirə aparılıb və suallar cavablandırılıb.