“Azərbaycan dilinin qorunmasında medianın rolu və vəzifələri” mövzusunda Respublika elmi konfransı keçirildi
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə 23 aprel 2021-ci il tarixdə “Azərbaycan dilinin qorunmasında medianın rolu və vəzifələri” adlı Respublika elmi konfransı keçirilib.
Professor, müəllim, doktorant və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuş konfransı giriş sözü ilə açan konfransın moderatoru, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, ana dilimizin qorunmasında müasir medianın üzərinə düşən vəzifələr barədə danışaraq, KİV-in oynadığı rolun əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev mövzunun aktuallığını vurğulayaraq, Azərbaycan dilinin qorunması ilə bağlı dövlət səviyyəsində görülən işlər barədə məlumat verib və medianın bu sahədə dəstəyinin əhəmiyyətini qeyd edib.
Konfransda məruzə edənlərdən Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli yenicə çapdan çıxmış “Yeni alınma sözlər” lüğətini təqdim edərək son dövrlərdə televiziya və radio verilişlərində ana dilimizə toxunan xətalardan danışıb və fikrini nümunələrlə əsaslandırıb. Digər məruzəçi Yeni Media və kommunikasiya kafedrasının müdiri, professor Cahangir Məmmədli çap və internet mediada mövcud olan problemlər barədə geniş məlumat verib, nöqsanların aradan qaldırılmasında daha məsuliyyətli olmağın vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Xalq” qəzetinin əməkdaşı Namiq Məmmədov, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli, Beynəlxalq jurnalistka və informasiya siyasəti kafedrasının müdiri Həmid Vəliyev, professor Nəsir Əhmədli da ana dilimizin təmizliyinin qorunmasında medianın rolunu və vəzifələri barədə fikirlərini bölüşməklə yanaşı, təkliflərini səsləndiriblər.