“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” mövzusunda ustad dərsi keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş növbəti ustad dərsi keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva Elm gününün əhəmiyyətindən danışıb. Bildirib ki, elm yalnız laboratoriyalarda və kitabxanalarda aparılan tədqiqat deyil. Elm həm də cəmiyyətin düşüncə tərzini formalaşdıran, həqiqəti axtaran və insanlığı daha işıqlı gələcəyə aparan bir qüvvədir. Buna görə də alimlərin zəhməti hər zaman böyük hörmət və ehtirama layiqdir. O, həmçinin qonaq, tanınmış alim Nadir Məmmədli haqqında da tələbələrə ətraflı məlumat verərək onun 13 kitab, o cümlədən 5 monoqrafiyanın, 100-dən artıq elmi, 200-ə qədər publisistik məqalə müəllifi, "Filologiya məsələləri" elmi jurnalının redaksiya heyətinin üzvü olduğunu vurğulayıb.
Daha sonra söz qonağa verilib. AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" mövzusunda ustad dərsi keçib.
Nadir Məmmədli qeyd edib ki, müasir dövrdə elmi və rəsmi ünsiyyətdə Azərbaycan dilinin düzgün, aydın və terminoloji baxımdan dəqiq işlədilməsi böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, akademik mühitdə dil normalarına riayət olunması elmi fikrin daha sistemli və anlaşıqlı şəkildə təqdim edilməsinə imkan yaradır. Eyni zamanda, işgüzar kommunikasiya sahəsində dil mədəniyyətinin inkişafı cəmiyyətin ümumi nitq səviyyəsinin yüksəlməsinə və rəsmi ünsiyyətin daha səmərəli qurulmasına xidmət edir.
Dilçi alim həmçinin Türkoloji Qurultayın yenidən təşkil olunması prosesində iştirak edən şəxslərdən biri kimi qurultayın məqsədləri və əhəmiyyəti barədə fikirlərini bölüşüb. O bildirib ki, türk dünyasının ortaq dil, mədəniyyət və elmi irsinin araşdırılması baxımından belə platformaların fəaliyyəti mühüm rol oynayır. Onun sözlərinə görə, bu cür qurultaylar müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirərək elmi əməkdaşlığın genişlənməsinə şərait yaradır. Həmçinin ortaq layihələrin həyata keçirilməsi, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və türk xalqlarının zəngin irsinin gələcək nəsillərə ötürülməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Çıxış edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev də belə görüşlərin tələbələrin elmi dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, həmçinin Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni əlaqələrinin gücləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.
Görüş zamanı tələbələrin sualları cavablandırılıb və dilçilik elmi, türkoloji araşdırmalarla bağlı fikir mübadiləsi aparılıb.