"ASAN Akademiya-2024" layihəsi başa çatıb
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, "bp" şirkətinin dəstəyi ilə həyata keçirilən "ASAN Akademiya-2024" layihəsi başa çatıb.
Təltif etmə mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev, "bp" şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və "ASAN Könüllüləri" Təşkilatının sədri Anar Musaev iştirak ediblər.
4 ay davam edən layihə müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən insan resurslarının və layihələrin idarəedilməsi, ictimaiyyətlə əlaqələr və marketinq, data analitika, beynəlxalq əlaqələr və diplomatiya, hüquq və innovasiya modulları üzrə xüsusi proqram tədris olunub. Tədris prosesində komanda quruculuğu, liderlik, kommunikasiya və komanda işinin inkişafına yönəlmiş seminarlar, praktiki təlimlər keçirilib.
Əsas məqsəd gənclərin əmək fəaliyyətlərinin artırılması, karyeralarında irəliləmələri üçün təkan verilməsi, onların intellektual potensialının düzgün dəyərləndirilməsidir. Eləcə də sosial aktivlikliyi artırmaqla Respublikamızda gedən inkişafa töhfə verməyə şərait yaratmaq əsas hədəflərdəndir.
Tədbir çərçivəsində 4 aylıq xüsusi təlim-tədris proqramını başa vuran gənclər diplomlarla təltif ediliblər.
Təltif edilən gənclər arasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Aytən Babaşova da yer alıb. Tələbəmizə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq!