Arzular nərdivanımın ilk pilləsi - BDU
4 il əvvəl gecə saat ikidə gələn adi bir mesaj mənə dünyaları vermişdi sanki. Arzuladığım universitetinin ən obyektiv fakültələrindən birinə qəbul olmuşdum. İnsanın müstəqil həyata addımlamağının ilk təsdiqi hesab olunur bu bizim cəmiyyətdə. Hələ qəbul olduğun təhsil ocağı və peşə ürəyincədirsə, dünyada səndən xoşbəxti olmur. Bu gün də xatırlayanda ürəyim ilk günki kimi eyni xoşbəxtlik ritmi ilə döyünür. Bu hiss bir az da ilk eşqini yaşayan bir yeniyetmənin duyğularına bənzəyir. Sevincli, həyəcanlı, bilinməyən bir hissdir bu. Ürəyində min-bir ümidlə gəlirsən, ağlında gedişatla bağlı hər hansı bir təsəvvür olmur. Sadəcə o gözəl, əziz anları doyunca yaşamağı düşünürsən.
Bəzən nələrsə gözlədiyindən daha az ola bilər. Yenə də xoş keçən günlər digərlərini mülahizə edir. 1-ci kursda bizə tarix dərsini tədris edən Nuru müəllim var idi. Həmişə deyirdi ki, pilləkənlərdən düşəndə də "forslanın", qohumlara, tanışlara fəxrlə deyin ki, 100 illik universitetdə təhsil alırıq. Hər şeyi bir qırağa qoyaq, ən azından qohumların yanında "forslana" bilmişik də)
Universitetə gələndə isə, baxmayın adi bir daş divara bənzəməyinə. Hər küncündə, hər bucağında milyonlarca arzu, xatirə var. O daş divarlardan, o auditoriyalardan hələ də doymamışam. Qismət olsa, bir də qayıdacağam. Axı, bakalavrı 4 ilə yox, 2.5 ilə bitirdik. (Onlayn dərsləri çıxmaq şərti ilə) Geridə qalan 1.5 ilin acığını çıxmaq üçün də olsa, o auditoriyalara bir də dönəcəm. Bəlkə zəngdən 5 dəqiqə keçsə də, foyedə dayanıb uşaqlarla söhbət edərik. Kenul Nifteliyeva da sizə kimin dərsidir, cəld auditoriyaya keçin, deyə bizi dərsə çağırar. Keçən dəfə eşitdim ki, Mahmud müəllim təqaüdə çıxıb. Onun dərslərinin nə qədər maraqlı olduğunu qrupumuzun ikinci yarısı daha yaxşı bilir. Mahmud müəllimin jurnalist həyatı ilə bağlı hekayələrini dinləyə bilməsəm də, o auditoriyaya bir də qayıtmaq istəyirəm.
Cahangir Məmmədli həmişə deyirdi ki, biz fakültənin tələbələri ilə dost oluruq, çünki buranı bitirəndən sonra da onlarla üz-üzə gəlirik. Asad Aslanoglu bizə tədris etdiyi dərslər bitsə də, hər zaman məsləhət ala bildiyimiz müəllimlərdən biridir. Universitetin bizə qazandırdığı bu cür dəyərləri danmaq olmaz. Ordaki müəllimlər bizə təkcə jurnalistikanı yox həyati dərsləri də verməyə çalışdılar.
Bir də dərslərindən xüsusi zövq aldığımız müəllimlər var idi. Cümhuriyyət dövründən danışanda səs tonu ilə bizi tarixi səyahətə aparan Nasiman Yaqublu . Tələbələrin universitetlə bağlı problemlərini dinləyən və yol göstərməyə çalışan Aytekin Zeynalova və Samir Xalidoglu sizi də yaddan çıxarmaq olmaz. Hə bir də, digər fakültə tələbələrinin tez-tez soruşduğu həmin gənc dekan bizim dekandır. Vuqar Ziferoglu nun PR dərslərində onlayn da olsa, iştirak etdiyimiz üçün çox şanslıyıq.
Birinci dəfə imtahanda ürəyim istəyən nəticəni əldə edə bilməyib, növbəti semestrdə seçmə fənnlərdə Osman Gunduz ün fənnini seçib imtahanda ondan "100" almışdım. Məncə, Osman müəllimin istədiyi də tam olaraq bu idi. Tələbəni əzmkar olmağa sövq etmək. Çətin də olsa, bacarmağa məcbur olduğunu öyrətmək. Müəllimlər bizi təkcə öyrətmir, həm də ən kiçik təşəbbüsümüzə, addımımıza yaxşı dəyər veriblər. Birinci kursda hələ TV dərsini ilk dəfə tədris edirdik. Ali Haciyev hazırladığım vox-pop'a görə mənə ilk "10"umu yazmışdı. Dərinə getsək, həmin materialda nə qədər səhvlər var idi, amma Əli müəllim qrupda kiminsə buna həvəs göstərməsinə yazmışdı o qiyməti. Onda anlamışdım ki, əsas olan ən yaxşısını bacarmaq yox, ən birinci cəhd etməkdir.
Kim bilir bəlkə gələcəkdə mən oturduğum yerdə ürəyi mənim qədər sevinclə döyünən 17 yaşlı bir qız da oturub mənim mühazirəmi dinləyəcək. Ümid edirəm, ilk mühazirədə mühitə öyrəşməyə çalışan tələbələr səs-küy edib müəllimlərini hövsələdən çıxarmazlar. Akif Rüstəmov müəllim, yəqin tələbələrinizin həmin günki səs-küylü söhbətlərini ilk günün sevincinə, həyəcanına güzəştə getmisiniz.
BDU və Jurnalistika fakültəsi bizə təkcə yaxşı müəllimləri yox, yaxşı dostları, qrup yoldaşları da qazandırdı. Hər birinizi təbrik edir, yolunuzun daim işıqlı olmasını arzu edirəm. Mənə qalsa, bu sözləri əsas korpusun qarşısında əlimə bir mikrofon alıb, əynimdə məzun geyimi ilə ucadan söyləyərdim. Amma məndən asılı deyil) Yenə də qazandırdığın hər şey üçün təşəkkürlər, BDU.