Analitik məqalələrlə auditoriyaya təsir etmə üsulları” mövzusunda elmi seminar
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı, saathesabı müəllimi Aygün Qurbanlının “Analitik məqalələrlə auditoriyaya təsir etmə üsulları” mövzusunda elmi seminarı keçirilib.
Çıxış edən elmi işlər dekan müavini Sevinc Əliyeva doktorantın elmi fəaliyyəti ilə bağlı seminar iştirakçılarını məlumatlandırıb və sözü məruzəçiyə verib.
Məruzəçi “Analitik məqalələrlə auditoriyaya təsir etmə üsulları” mövsuzunda təqdimatla çıxış edərək analitik məqalələrin mövcud məlumatlar əsasında aparılan və müəyyən üsullardan istifadə edilən tədqiqatlar olduğunu qeyd edib. Həmçinin, sadə tədqiqat, qısa bir proqnozla müşayiət olunan geniş tədqiqat, dərin proqnozla qısa təhlil haqqında ətraflı məlumat verib.
Analitik jurnalistlərin konkret mövzu ilə bağlı ekspertlərin fikirlərini bilməsinin vacibliyini, uğurlu bir analitik əsər yaratmaq üçün əsas yazı qaydalarına əməl edilməli olduğunu diqqətə çatdırıb.
A.Qurbanlı analitik məqalənin bir növ araşdırma olduğunu, mətndə hansı metod və yanaşmalardan istifadə edildiyini vurğulayaraq, ən populyar mövzuların mətbuatda işıqlandırılmasına diqqət çəkib.
Seminarda Yeni media və kommunikasiya kafedrasının müdiri Xatirə Hüseynova, kafedranın müəllimləri Mirakif Babayev, Esmira Rövşənova və tələbələr iştirak ediblər.
Sonda tələbələrin çoxsaylı sualları məruzəçi tərəfindən cavablandırılıb.