“Altmışıncılar publisistikasının xüsusiyyətləri” mövzusunda ustad dərsi

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş növbəti ustad dərsi keçirilib.
Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin təqdim etdiyi dərs “Altmışıncılar publisistikasının xüsusiyyətləri” mövzusuna həsr olunub.
Ustad dərsində professorun vaxtilə tələbəsi olan, hazırda universitetin müxtəlif kafedralarında müəllim kimi çalışan məzunlar və tələbələr iştirak ediblər.
Dərs zamanı “Altmışıncılar” anlayışının mahiyyəti geniş şəkildə izah olunub. Bildirib ki, “altmışıncılar” anlayışı 1960-cı illərdə formalaşan, yaradıcılığında yenilikçi düşüncə, fərdi baxış və demokratik meylləri ön plana çəkən ədibləri ifadə edir. Onun sözlərinə görə, bu nəsil sovet ideoloji çərçivələri daxilində yeni nəfəs, yeni üslub formalaşdırmağı bacarıb. Eyni zamanda xalq yazıçısı Anarın yaradıcılığı ayrıca təhlil olunub.
Vurğulanıb ki, Anarın bədii və publisistik irsində demokratik meyllər, insan azadlığı və fərdi düşüncə xüsusi yer tutur. Bu kontekstdə Anarın “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibədə səsləndirdiyi “Desəm öldürərlər, deməsəm ölərəm” fikri xatırladılıb. İştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, tələbələr professorla fikir mübadiləsi apararaq mövzu ilə bağlı suallarını ünvanlayıblar.
Sonda professor gələcək jurnalistlərə ədəbiyyatı yalnız mətn kimi deyil, dövrün aynası kimi oxumağı, publisistikanın ictimai məsuliyyətini dərk etməyi tövsiyə edib.