ADU tələbələri üçün Jurnalistika fakültəsində seminar keçirilib

Azərbaycan Mətbuat Şurasında təcrübə keçən Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi üçün Bakı Dövlət Universitetində seminar keçirilib
Seminarın açılışında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Vüqar Əliyev çıxış edərək qonaqlara fakültə haqqında məlumat verib, bu cür görüşlərin gələcək jurnalistlərin peşəkar formalaşmasında mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, nəzəri biliklərlə yanaşı, praktik təcrübənin artırılması və real media mühitinə inteqrasiya jurnalist hazırlığında əsas istiqamətlərdəndir.
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova jurnalistikada elmi əsaslı araşdırmanın vacibliyindən, analitik təfəkkürün və geniş dünyagörüşünün formalaşdırılmasının əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, müasir media mühitində peşəkar jurnalist yalnız informasiya ötürücüsü deyil, eyni zamanda cəmiyyətdəki prosesləri dərin təhlil edən tədqiqatçı mövqeyində çıxış etməlidir.
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova isə bildirib ki, müasir dövrdə media mühiti sürətlə transformasiya olunur və rəqəmsal platformalar informasiya istehsalı ilə yanaşı, ictimai rəyin formalaşmasında da mühüm rol oynayır. O vurğulayıb ki, yeni media alətləri yalnız texniki bacarıq deyil, həm də analitik düşüncə, media etikası və informasiya təhlükəsizliyi bilikləri tələb edir. O, tələbələri media savadlılığını artırmağa, dezinformasiyaya qarşı həssas olmağa və peşəkar məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb.
Sonra Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev tələbələri Jurnalistika fakültəsinin nəzdində yaradılmış xüsusi otaqlarla tanış edib. Bunlara Mətbuat Şurası otağı, ARB24 Newslab, “Xalq qəzeti” debat otağı, “Füyuzat” Media mərkəzi, Milli mətbuat tarixi auditoriyası, Media Agentliyinin və AZƏRTAC informasiya agentliyinin xüsusi auditoriyası daxildir.
Daha sonra Tədris teleradio studiyasının müdiri Ramin Rzayev qonaqlara studiyanın maddi-texniki bazası, tələbələrin burada həyata keçirdikləri praktik yayım və montaj proseslərində iştirakı haqqında ətraflı məlumat verib.
Seminar boyu tələbələrin sualları cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.