31 mart soyqırımı ilə bağlı beynəlxalq konfrans
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi növbəti dəfə Azərbaycanın haqq səsini beynəlxalq media müstəvisinə çıxarıb. Fakültənin təşkilatçılığı ilə “31 mart soyqırımı günü: tarix və gerçəklik” mövzusunda “Zoom” platforması üzərindən onlayn formada keçirilən Beynəlxalq Elmi konfransa Azərbaycanla yanaşı, Türkiyə, İraq və Rusiyadan olan alimlər də qatılıb.
Konfransın moderatoru Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev günün tarixi önəmi və beynəlxalq konfransın məqsədi barədə məlumat verib. Tədbirin 31 mart azərbaycanlıların soyqırımı haqqında məlumatın beynəlxalq arenada daha geniş yayılmasına töhfə verəcəyinə əmin olduğunu bildirib.
BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev iştirakçılara uğurlar arzulayıb və milli lider Heydər Əliyevin 1918-ci il soyqırımı hadisələrinə siyasi qiymət verməsinə, 1998-ci ildə imzaladığı “31 martın azərbaycanlıların soyqırımı kimi qeyd olunması haqqında” xüsusi Fərmana və prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncama diqqət çəkib.
Türkiyənin Azərbaycandakı mətbuat müşaviri Hüseyn Altınalan XX əsrin başlanğıcında Qafqazda, Balkanlarda və Anadoluda minlərlə türkün qətl edildiyini, etnik və dini soyqırımlara məruz qaldığını vurğulayıb. Natiq 44 günlük Vətən müharibəsində Bərdə, Tərtər, Naftalan, Gəncədə mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadəni də bu soyqırımın davamı kimi qiymətləndirib.
Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov Rusiya mediasında 31 mart soyqırım gününün işıqlandırılması ilə bağlı vəziyyətin qənaətbəxş olmadığına təəssüflənib, Azərbaycan alimlərini Rusiya mətbuatında soyqırımı həqiqətlərini daha çox təbliğ etməyə çağırıb.
Dünya İletişimçiler Cəmiyyətinin sədri Şəmsəddin Kuzəci çıxışında erməni terrorunun beynəlxalq səviyyədə törətdiyi vəhşiliklərdən, xüsusilə kərkük türklərinə qarşı yönəlmiş Altınkörpü qətliamından bəhs edib.
Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli azərbaycanlıların soyqırımı ilə bağlı ədəbi əsərlərin təbliğinin və tədrisə cəlb olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, işğaldan azad olunmuş bölgələrə səfər etdikcə soyqırımın təkcə insanlara deyil, Azərbaycanın tarixi abidələrinə, mədəniyyət nümunələrinə qarşı da törədildiyini açıq-aydın görmək olur.
Atatürk Universitetinin professoru Esin Derinsu Dayı “İşğaldan qurtuluşa: Qars və çevrəsində erməni vəhşiliyi və türk soyqırımı” adlı məruzə ilə çıxış edib. Professor 1914-1920-ci illər arasında işğal faktı, Qars və ətrafında baş verən erməni vəhşiliklərindən bəhs edib.
Konfransda çıxış edən Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli isə soyqırmı hadisələri ilə bağlı müxtəlif dillərdə sənədli filmlərin çəkilməsinin və beynəlxalq ictimaiyyətə çatdırılmasının önəmini vurğulayıb.
Aydın Adnan Menderes Universiteti İletişim fakültəsinin dekanı Turan Akkoyun “Azərbaycanda soyqırım gününün təbliğatı” adlı çıxışında ötən yüzillikdə yaşanan soyqırıma sosial elmlər aspektindən yanaşaraq, tarixi faktları akademik baxımdan dəyərləndirib.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı Elçin Əhmədov, Türkiyənin “Yazar” qəzetinin redaktoru Sərvət Avşar, Jurnalistika fakültəsi Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli çıxış ediblər.