31 Mart Soyqırımı Günü ilə bağlı tədbir
Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Jurnalistika fakültəsinin təşkilatçılığı ilə “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu açaraq 31 Mart soyqırımı haqqında iştirakçılara məlumat verib. Belə faciəli günləri təkrar yaşamamaq üçün onları daim yaddaşımızda saxlamağın vacibliyini diqqətə çatdırıb.
Sonra BDU THİK sədri Hacıbaba Mustafayev çıxış edərək ermənilərin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri soyqırım siyasəti haqqında danışıb. Gənclərin informasiya müharibəsinin getdiyi dövrdə belə məsələlərdə daim bilikli və hazırlıqlı olmalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra söz Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovaya verilib. O, “Azərbaycanlıların soyqırımının dünya mediasında işıqlandırılması” mövzusunda təqdimatla çıxış edib. V.İsgəndərova faciə ilə bağlı indiyədək xarici media orqanlarında dərc edilmiş materiallar və bu mövzuya müraciət edən müəlliflər barədə məlumat verib, informasiya savaşında hansı məqamlara diqqət yetirilməsi barədə fikirlərini tələbələrlə bölüşüb.
Qarşılıqlı fikir mübadiləsi əsasında aparılan görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda Jurnalistika fakültəsi üzrə THT sədri Xəyalə Sadıqova natiqə və iştirakçılara təşəkkürünü bildirib.