27 sentyabr-Anım günü ilə bağlı görüş
Jurnalistika fakültəsində 27 sentyabr-Anım günü münasibətilə tədbir baş tutub.
Əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, dekan müavini Samir Mirzəyev çıxış edərək bugünkü günün tarixi əhəmiyyətini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr-Anım Günü kimi təsis edilib. Eyni zamanda tədbirin qonağı İlham Tumasla bağlı məlumat verərək, onun I və II Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlığından bəhs edib.
Tədbirdə Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Nəmənd Rüstəmov, tarix müəllimi Xumar Cəfərova iştirak ediblər.
Çıxış edən Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Sonra söz Vətən müharibəsi iştirakçısı, jurnalist, ssenarist İlham Tumasa verilib. Qonaq 44 günlük Vətən müharibəsində tağım komandiri olaraq fəaliyyət göstərdiyini, əsgərlərinin qorxmazcasına vuruşduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O, həm də I və II Qarabağ döyüşlərinin oxşar və fərqli cəhətlərinə də toxunub, müharibə dönəmində rastlaşdığı maraqlı hadisələri də tələbələrlə bölüşüb, onların ünvanladığı çoxsaylı sualları cavablandırıb.
Sonda qonaq səsləndirdiyi “Çanaqqala şəhidləri” şeirini bütün şəhidlərin əziz xatirəsinə həsr edib.
Qeyd edək ki, İlham Tumas “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,” Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.