20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
Jurnalistika fakültəsində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Qanlı Yanvar günü Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev çıxış edərək faciənin xalqımızın milli azadlıq uğrunda mübarizəsinin şanlı səhifəsi olduğunu bildirib. Bu tarixi günün yad edilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Fakültənin professoru Cahangir Məmmədli Qanlı Yanvar gecəsinin canlı şahidi kimi baş verən prosesləri əbədi olaraq yaddaşına həkk etdiyini, faciənin necə ağrılı-acılı bir hiss olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 20 Yanvar faciəsi tarixə xalqımızın həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub, azadlıq uğrunda gedən mübarizənin rəmzinə çevrilib.
Çıxış edənlər sırasında fakültənin Tədris işləri üzrə dekan müavini Esmira Rövşənova, əməkdaşlardan Diləfruz Şahbazova, Zibeydə Mirzəyeva 20 Yanvar faciəsi ilə bağlı xatirələrini bölüşüb, dinc əhalinin amansızcasına qətlə yetirilməsini vandalizm aktı kimi dəyərləndiriblər.
Sonra Jurnalistika fakültəsinin birinci kurs tələbələrindən Anar Hüseynov, Fidan Bəbirova, Sərvinaz Hacalıyevanın mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda çıxış edən fakültə dekanı Vüqar Əliyev 1990-cı ilin Yanvar günlərində Azərbaycan xalqının istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.