1936-cı ildə anadan olmuşdur. 1953-1958-ci illərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil almışdır. Ali təhsilini başa vurduqdan sonra sovet dövrünün ən nüfuzlu qəzetlərindən sayılan «Uçitelskaya qazeta»nın respublikamızda xüsusi müxbiri işləmişdir. Jurnalistik fəaliyyətinin 10 ili Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində keçib. Burada o, tərcüməçilikdən informasiya verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsinədək yüksəlmişdir. Şəxsi təşəbbüsü və axtarışları sayəsində «Ulduz» radio proqramı yaranmışdır. Elmi tədqiqatları Azərbaycan jurnalistikası tarixi, radio jurnalistikası, tərcümə sənəti və ədəbi redaktənin tarixi, nəzəriyyəsi və təcrübəsi sahələrini əhatə edir. 1970-ci ildə “M.S.Ordubadinin jurnalistik fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1982-ci ildə “Televiziya və radio jurnalistikası” kafedrası üzrə dosent, 1988-ci ildə professor elmi adı almışdır. 1981-1998 ci illərdə Televiziya və Radio jurnalistikası kafedrasına rəhbərlik etmişdir. 1979-1988-ci illərdə Jurnalistika fakültəsinin dekanı olmuşdur. 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının jurnalistika doktoru seçilmişdir.
Müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, BDU-nun partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın İdeologiya şöbəsinin müdiri, 1990-1995-ci illərdə «Kommunist» («Xalq qəzeti») qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır.
1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına layiq görülmüşdür. Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olmuşdur.