25 dekabr 1934-cü ildə anadan olmuşdur. Əhmədavar kənd yeddiillik məktəbini bitirmiş, Ağdam pedaqoji məktəbində təhsil almışdır. 1953-1958-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilini davam etdirmişdir. 1958-ci ildə “Bakı” axşam qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlamışdır. BDU-nun Filologiya fakültəsində aspirant (1961-1964), müəllim, baş müəllim olmuş, 1973-cü ildən Jurnalistika fakültəsində Jurnalistikanın Nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir. 1974-cü ildə “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1977-ci ildə professor elmi adı almışdır.
Bədii yaradıcılığa 1951-ci ildə “Lenin yolu” adlı Ağdam rayon qəzetində çıxan ilk şeiri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuşdur. Ali məktəb tələbələri üçün “Jurnalistika məsələləri” adlı dərsliyin müəlliflərindən biridir. “Alovlu publisist Səməd Vurğun”, “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri”, “Mətbuatda publisistika”, “Bədii publisistika” kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur. Bakı şəhər Yasamal rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olmuşdur. “Oqonyok” jurnalının laureatı adına layiq görülmüşdür. SSRİ “Bilik” cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu almışdır.