22 dekabr 1911-ci ildə anadan olmuşdur. 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmişdir. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olmuşdur. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində çap olunmağa başlamışdır. Tələbəlik illərindən başlayaraq, “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışmışdır. II dünya müharibəsi zamanı 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada “Vuruşan Krım” qəzetinin məsul katibi kimi çalışmış, həmçinin hərbi hissədə tərcüməçi kimi xidmət etmişdir. Bir il sonra “Kommunist” qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işiq üzü görmüşdür. 1947-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlamışdır. 1948-1950-ci illərdə Bakı Dövlət Universitetində Filologiya fakültəsində təhsilni iki ilə müvəffəqiyyətlə başa vurmuşdur. 1947-1998-ci illərdə Bakı Dövlət Universitetində “Jurnalistika” fakültəsinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasında müəllim, dosent, professor olmuşdur. O, respublika üçün gənc jurnalist kadrlarının hazırlanması işində iştirak etmiş, bu işə öz töhfəsini vermişdir. 1958-ci ildə Azərbaycanda yeni tipli “Bakı” və “Баку” (1953) axşam qəzetlərinin baş redaktoru təyin edilmişdir. 1965-ci ildə “Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycanda sənaye və nəqliyyat işçilərinin əmək fəallığının sürətləndirilməsi uğrunda mübarizədə “Kommunist” qəzetinin rolu” mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində işləmişdir. 1976-cı ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülmüşdür.
İMANQULİYEV NƏSİR ƏSƏDULLA OĞLU
İMANQULİYEV NƏSİR ƏSƏDULLA OĞLU
(1947-1998)-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent, professor olmuşdur.