17 dekabr 1924-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1940-cı ildə Şəki şəhəri M.F.Axundov adına 2 saylı orta məktəbi bitirib, 1940-1942-ci illərdə Şəki 2 illik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsində oxuyub. 1945-1950-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspiranturasında təhsil almışdır. 1954-cü ildə MDU-nun Jurnalistika fakültəsinin Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə etmiş, 1988-ci ildə professor elmi adı almışdır. 1954-cü ildən BDU-nun Filologiya fakültəsi jurnalistika kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Jurnalistika kafedrasında baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976-1980-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri vəzifələrində çalışmışdır. Uzun müddət həmin kafedranın professoru kimi müəllimlik fəaliyyəti göstərmişdir.
1988-ci ildə Respublikanın Əməkdar jurnalisti fəxri adını alıb. “Qızıl qələm” mükafatı (1966 və 1972), Zərdabi mükafatı laureatı (1991), Y.Məmmədəliyev adına mükafat (1992), M.Ə.Rəsulzadə adına mükafat (1998), I dərəcəli Ali Media mükafatı (2009), Z.Xəlilov adına mükafat (2013) almışdır. 2005-ci ildən Prezident təqaüdçüsü olmuşdur. Elmi fəaliyyətini, əsasən, Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr etmişdir. Mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən yuxarı elmi və elmi-publisistik məqalənin müəllifi olmuşdur. Rəhbərliyi ilə 5 nəfər elmlər namizədi hazırlanmışdır.
SSRİ Ali Təhsil Nazirliyi jurnalistika üzrə Elmi-Metodiki Şurasının, SSRİ Jurnalistlər İttifaqının sovet mətbuatı, televiziya və radio tarixinə, jurnalistikanın nəzəriyyə və təcrübəsinə dair əsərlərin Ümumittifaq müsabiqə komissiyasının üzvü olmuşdur.
2019-cu ilin iyun ayında vəfat etmişdir.