23 mart 1921-ci ildə anadan olmuşdur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. BDU-da Jurnalistika fakültəsinin əsas yaradıcılarından biri olmuşdur. 1953-cü ildən Bakı Dövlət Universitetində Jurnalistika kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. Jurnalistika kafedrasının müdiri, Jurnalistika fakültəsinin ilk dekanı kimi vəzifələrdə çalışmış, onlarla yüksək ixtisaslı jurnalist yetişdirmiş və elmi cəhətdən kamilləşməsi üçün heç nəyi əsirgəməmişdir. 1958-ci ildə “Azərbaycanda bədii oçerkin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, filologiya elmləri namizədi, daha sonra filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 1962-ci ildə Jurnalistika kafedrası üzrə dosent, 1981-ci ildə isə professor elmi adı almışdır.
Ədəbi fəaliyyətə 1939-cu ildə başlamışdır. 1943-1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Azərbaycan müəllimi” qəzetində redaktor müavini, 1953-cü ildən isə “Uşaqgəncnəşrdə” baş redaktor və eyni zamanda, olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. “Əbədi qəhrəmanlıq” adlı ilk kitabı 1945-ci ildə çap olunmuşdur. Müəyyən dövr ərzində C.Cabbarlı adına Bakı kinostudiyasında baş redaktor işləmiş, sənədli-xronikal filmlərin, kino-oçerklərin, kino-jurnalların məzmunlu, yüksək peşəkar səviyyədə ekranlara buraxılmasına xüsusi səy göstərmişdir. “Azərbaycan elmi” (1969), “Bacarıqlı əllər” (1963), “Nizami yurdu” (1968), “Həyatın mənası” (1979), “Axtaran tapar” və s. elmi-sənədli filmlərin ssenari müəllifi olmuşdur.
Yaşadığı dövrün incəsənət xadimləri sırasında uca zirvə tutmuş sənətkardır. Azərbaycan Yazıçılar İttifaqının üzvü, oçerk və publisistika şurasının sədri, 1954-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü, oçerk və publisistika şurasının üzvü, Jurnalistlər İttifaqının üzvü və idarə heyətinin katibi olmuşdur. Əməkdar İncəsənət Xadimi, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatıdır. Dəfələrlə müxtəlif elmi, mədəni, ictimai işlər və layihələr ilə əlaqədar Fransa, Kuba, Bolqarıstan, Finlandiya, SSRİ respublikalarında və s. ölkələrdə olmuşdur. Eyni zamanda bu ölkələrdə də məqalə və əsərləri çap olunmuşdur. 1991-ci ildə vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.