Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrası təkcə BDU-da deyil, bütövlükdə ölkə media mühitində öz yeri, təsir gücü, tədris, elmi-praktik səviyyəsi ilə seçilən bir kafedradır. Əsası 1928-ci ildə qoyulmuş bu kafedra müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Sonralar bu kafedraya professorlar Nurəddin Babayev (1962-1971) və Famil Mehdi (1972-2003) rəhbərlik etmişlər. 2005-ci ildən 2022-ci ilədək kafedraya professor Cahangir Məmmədli rəhbərlik edib. Hazırda kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynovadır.
Azərbaycan jurnalistikası milli ənənələrə, dünya təcrübəsinə əsaslanaraq Qərb standartlarına üstünlük verir və Yeni media və kommunikasiya nəzəriyyələri istiqamətində tədqiqat aparır. Bu tədqiqatlar bir tərəfdən yeni kommunikasiya nəzəriyyələrinin təhlili, tətbiqi və zənginləşdirilməsi ilə, digər tərəfdən ölkə mətbuatının həmin nəzəri modelləri praktikada necə tətbiq etdiklərini ifadə edən illustrativ faktların qiymətləndirilməsi ilə bağlı aparılır. Bir obyekt olaraq bu nəzəri konsepsiyalar Azərbaycanın KİV sistemini ehtiva etsə də, kafedra öz tədqiqatlarında müqayisə metoduna üstünlük verərək kommunikasiyanın beynəlxalq modellərinin demokratik ölkələrdəki təcrübəsinə istinad edir.
Jurnalistikanın beynəlxalq doktrinaları, müasir nəzəri modelləri, Azərbaycan KİV-ində bu modellərin yeri, peşə etikası, informasiyanın mənbələri kimi problemlər kafedranın diqqət mərkəzindədir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra jurnalistika sahəsində baş verən dəyişikliklər jurnalist təhsilinə də öz təsirini göstərib. Belə ki, kafedra müasir həyatla səsləşən yeni fənlərin tədrisinə üstünlük verir. Belə bir şəraitdə kütləvi informasiya vasitələri üçün jurnalist kadrları hazırlayan fakültənin, o cümlədən Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının rolu artır.
Gələcək jurnalistlərin hazırlanmasında kafedra müəllimlərinin rolu az deyil. Onlar Azərbaycan jurnalistikasının beşiyi başında dayanmış Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi işıqlı qələm sahiblərinin qoyub getdiyi milli ruh və demokratik amallar üzərində köklənmiş qəzetlərin ənənələrini tələbə jurnalistlərə aşılayırlar.
Kafedra əməkdaşları son illərdə məhsuldar işləmiş, maraqlı monoqrafiyalar, dərslik və dərs vəsaitləri çap etdirmişlər. Bu əsərlər sırasında professor Cahangir Məmmədlinin «Jurnalistikanın müasir inkişaf meyilləri» monoqrafiyasını, «Jurnalistikaya giriş», «Müasir jurnalistika», «Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi» dərsliklərini, professor Akif Rüstəmovun «Jurnalistika», «Dünya jurnalistika tarixi», «Jurnalistika» (2 hissəli) dərs vəsaitlərini göstərmək olar.
Kafedranın professorları Cahangir Məmmədli, Akif Rüstəmov, dosentləri Xatirə Hüseynova, Könül Niftəliyeva kommunikasiya nəzəriyyələrinin öyrənilməsi, tətbiqi üsulları, bu modellərin səmərəlilik əmsalı ətrafında tədqiqatlarını möhkəmləndirmək üçün sahə ilə bağlı beynəlxalq elmi konfranslarda, internet simpoziumlarda intensiv iştirak edirlər.