Multimedia və elektron kommunikasiya kafedrası XX əsrin 70-ci illərində fakültənin tədris qruplarında televiziya və radio jurnalistikası üzrə ixtisaslaşmalar 1981-ci ildə Televiziya və radio jurnalistikası kafedrasının yaranması ilə nəticələnmişdi. 1981-1982-ci illərdə kafedraya «Qızıl qələm» mükafatı laureatı filoloq alim, jurnalist, professor, gənc jurnalist nəslinin yetişdirilməsində böyük rolu olmuş Tofiq Tağı oğlu Rüstəmov (1936-1998) rəhbərlik etmişdir.
1982-2012-ci illərdə kafedra müdiri vəzifəsində Yalçın Mustafa oğlu Əlizadə çalışmışdır. 2012-2017-ci illərdə kafedra müdiri kimi filologiya elmləri namizədi dosent Aynur Nurəddin qızı Kərimova olmuşdur. 2017-2022-ci illərdə kafedraya professor Allahverdi Məmmədli rəhbərlik edib. Hazırda Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmlidir.
Kafedra mövcud olduğu illərdə televiziya və radio yayımının səmərəliliyini artırmaq yolları, Azərbaycan televiziyası və radiosunun inkişaf istiqamətləri problemləri üzrə tədqiqatlar aparmışdır. Kafedra əməkdaşları hazırda "Teleradio jurnalistikası XXI əsrdə: tendensiyalar və perspektivlər" mövzusunda elmi araşdırmalar aparırlar.
Tədqiqatların gedişində əldə edilmiş elmi nəticələr müxtəlif illərdə çapdan çıxmış monoqrafiyalarda, dərsliklərdə və dərs vəsaitlərində öz əksini tapmışdır.
2010-cu ildə fakültədə Televiziya və radio jurnalistikası kafedrasının nəzdində “Jurnalistika” elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Laboratoriyada Zeynalova Aytəkin Əli qızı, Məmmədova Günay Səməd qızı, Ağayeva Nigar İkram qızı, Fridunbəyova Güney Salam qızı, Sadıqova Afaq Oqtay qızı çalışırlar.