Kafedra haqqında

Milli mətbuat tarixi kafedrası 1971-ci ildə yaradılıb. Fakültədə fəaliyyətə başlaması baxımından ikinci hesab olunan Milli mətbuat tarixi kafedrası yarandığı gündən Azərbaycanda milli mətbuatın və jurnalistikanın tarixi təşəkkülü və inkişaf mərhələləri ilə bağlı ardıcıl elmi tədqiqat işləri aparmış, tarixən əldə olunmuş bir sıra nailiyyətləri geniş ictimaiyyətin diqqətinə çatdırmışdır.
Kafedranın bir tədris və elm mərkəzi kimi formalaşmasında professorlar Seyfulla Əliyevin və Şirməmməd Hüseynovun böyük xidmətləri olmuşdur. Müsbət yaradıcılıq əlaqələrinin yaranmasında, faydalı təşəbbüslərin həyata keçirilməsində kafedranın ilk müdiri kimi S.Əliyevin (1971-1976) fəaliyyətini qeyd etmək yerinə düşər. Sonrakı illərdə kafedra rəhbərləri bu ənənələri daha da inkişaf etdirmişlər. Professor Ş.Hüseynov (1976-1982) kafedranın yaradıcılarından biri olaraq uzun müddət kafedraya rəhbərlik etmişdir. Dosent Əliş Nəbiyev (1982-1993) bu kafedrada mətbuat tarixinin müxtəlif istiqamətlər üzrə tədqiqi prosesini gücləndirmiş və özü də həmin proseslərin fəal iştirakçısı olmuşdur. Professor Cahangir Məmmədlinin (1993-2005) Milli mətbuat tarixi kafedrasına rəhbərliyi dövründə tarix və müasirlik ənənəsini gücləndirmiş, müasir mətbuatın milli yaradıcılıq ənənələri zəminində inkişafını elmi gündəmə gətirmişdir. Kafedranın fəaliyyətində AMEA-nın müxbir üzvü, professor Abbas Zamanov, professor Qulu Xəlilov, professor Salman Qarayev, dosent Nüsrət Bağırov, dosent Nəriman Zeynalov kimi simalar yaxından iştirak etmişlər.
2004-2021 ci illərdə kafedraya respublikanın Əməkdar juurnalisti, professor Şamil Qiyas oğlu Vəliyev rəhbərlik edib. O, respublikada sovet rejimində qadağan edilmiş sahələr üzrə tədqiqatlar aparan bir alim kimi tanınır. Ş.Vəliyevin «Füyuzat» ədəbi məktəbi monoqrafiyasını, az öyrənilmiş mətbuat orqanlarının fəaliyyətinə, ədəbi-bədii proseslərə və şəxsiyyətlərə dair silsilə məqalələrini buna misal göstərmək olar. Ədəbiyyatşünaslıqda və jurnalistikada tarixi təcrübənin və elmi-nəzəri fikrin öyrənilməsi, müasir jurnalistika mühiti ilə əlaqələndirilməsi baxımından bu tədqiqatların əhəmiyyəti danılmazdır. Professor Ş.Vəliyevin əsərləri Türkiyə, Rusiya, Özbəkistan və Koreyada çap olunmuşdur. Onun rəhbərliyi ilə 2 nəfər elmlər doktoru və 9 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.
Azərbaycan jurnalistikasının «canlı ensiklopediyası» kimi tanınan Ş.Hüseynovun son illərdə oxucuların ixtiyarına verdiyi kitablar, toplular, məqalələr bir tədqiqat mərkəzinin görəcəyi işlərlə müqayisə oluna bilər. Professor Ş.Hüseynovun özünəməxsus yaradıcılıq üslubu imkan verirdi ki, uzun illər qadağan edilmiş və yaxud az öyrənilmiş tarixi sənədlərə, görkəmli ictimai-siyasi xadimlərin, jurnalist və publisistlərin yaradıcılığına müasirlik prizmasından qiymət verilsin, tarixi proseslər arasında əlaqələrin mahiyyəti müəyyənləşdirilsin, alınan nəticələr oxucunun dünyagörüşünə birbaşa təsir etsin.
Kafedra əməkdaşları Azərbaycan mətbuatı tarixinin aktual problemləri ilə bağlı axtarışlar aparır, maraqlı nəticələr əldə edirlər.
Son illərdə kafedra əməkdaşlarının klassik publisistik irsin toplanmasında və nəşri sahəsində əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunmalıdır. Kafedranın əməkdaşları tərəfindən hazırlanan irihəcmli üçcildlik «Azərbaycan mətbuatı tarixinin antologiyası» (Elm və təhsil nəşriyyatı, Bakı, 2009, 500 s.) və Üzeyir Hacıbəylinin əsərlərinin əvvəlki nəşrlərdən kənarda qalmış, ixtisar və redaktə edilmiş publisistik yaradıcılığını əhatə edən ikicildlik məqalələr toplusu Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqədə ardıcıl olaraq iki il «Ali Media» mükafatına layiq görülmüşdür.
Azərbaycan mətbuatının «Həyat», «İrşad», «Molla Nəsrəddin», «Füyuzat», «İstiqlal», «Azərbaycan» (1918-1920), «Yeni Qafqaziyyə» kimi nümunələrinin proqram xarakterli müxtəlif saylarının və materiallarının ərəb qrafikasından latın qrafikasına çevrilib nəşr olunması xüsusi önəm daşıyır. Ümumiyyətlə, Azərbaycan mətbuatı və jurnalistikasına dair çağdaş konseptual mövqeyin formalaşmasında fəal iştirak edən kafedra irs-varislik əlaqəsinə, tarixi-müqayisəli təhlil və tədqiq prinsiplərinə istinad edərək milli mənbələrin araşdırılmasına, xüsusən tarixi təcrübə ilə müasir nəzəri fikri vəhdətdə götürərək, onun tətbiqini mühüm vəzifə sayır. Hazırda Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Əbdüləli oğlu Məmmədlidir.

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət