Beynəlxalq jurnalistika və informasiya siyasəti Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan etibarən dövlətçiliyimizin möhkəmləndirilməsi, xarici ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi bu sahədə kadrlara ehtiyac yaratdı. Müxtəlif ixtisaslar üzrə kadrlar hazırlamaqda həmişə ön yerdə olan BDU-nun Elmi Şurasının qərarı ilə 1990-1991-ci tədris ilində Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsi yaradıldı. Fakültənin ixtisaslarından biri olan Beynəlxalq jurnalistika bölməsinin tədris planı bir sıra xarici ölkələrin təcrübəsi əsasında hazırlandığına görə BDU-nun Jurnalistika fakültəsinin tədris planından əsaslı surətdə fərqlənirdi.
Respublikamızda jurnalistikanın beynəlxalq standartlara yaxınlaşmasını, beynəlxalq jurnalistika nəzəriyyələrinin daha geniş tədris olunmasına duyulan ehtiyacı, eləcə də Jurnalistika fakültəsinin magistratura pilləsində Beynəlxalq jurnalistika ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsini nəzərə alaraq, 2004-cü ildə Beynəlxalq jurnalistika kafedrası yaradılmışdır.
Kafedra yaradılandan ona əməkdar jurnalist, professor Həmid Alı oğlu Vəliyev rəhbərlik edib. O, Beynəlxalq jurnalistikaya dair 5 kitabın, respublikada və xaricdə çap olunmuş 400-dən çox elmi və publisistik məqalənin müəllifidir. 2022-ci ildən Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri dosent Aynur Nəsirovadır. Kafedrada Beynəlxalq jurnalistikanın aktual problemləri mövzusunda elmi araşdırmalar aparılır. Məqsəd xarici ölkələrin müasir KİV sistemini yeni baxış bucağından tədqiq etmək, dövrün qlobal problemlərinin jurnalistikaya təsirini müəyyənləşdirməkdir.
Keçən dövr ərzində kafedranın yaradılması öz müsbət nəticəsini verir. Belə ki, kütləvi informasiya vasitələrində əsas etibarilə peşəkarların işləməsini təmin etməkdə, jurnalistikamızın beynəlxalq miqyasda özünə layiqli yer tutmasında kafedranın böyük rolu vardır.
Kafedra yarandığı gündən sürətlə inkişaf edir, qurumun kadr potensialı durmadan güclənir.
Son illərdə kafedrada 4 monoqrafiya, 9 dərs vəsaiti, 19 fənn proqramı, 9 metodik vəsait çap edilmişdir. Kafedranın əməkdaşları tədqiqatları xaricdə, xüsusilə Rusiya və Ukraynanın Moskva, Sankt-Peterburq, Çita, Ufa, Kursk, Kiyev şəhərlərində çap edirlər.
Kafedranın müəllimlərindən dosent Vüqar Zifər oğlu Əliyev, dosent Pərvanə Yəhya qızı İbrahimova, dosent Təranə Ələddin qızı Mahmudova Beynəlxalq jurnalistikanın ayrı-ayrı sahələrinə dair maraqlı araşdırmaların müəllifləridir.
Aytəkin Əli qızı Zeynalova Jurnalistika ETL-in müdiri, Arzu Sahib qızı Məmmədova Rus mərkəzinin müdiridir.
Kafedrada elmi potensialın perspektivini təmin etmək məqsədilə yüksəkixtisaslı kadr hazırlığı prosesi də həyata keçirilir. 2022-ci ildən Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri dosent Aynur Nəsirovadır.