İSTİQAMƏT: Beynəlxalq jurnalistika və informasiya siyasəti
PROBLEM: Birinci və ikinci Qarabağ müharibəsi dövründə media sisteminin dövlət informasiya siyasətinə təsiri, problemin həllində aparıcı beynəlxalq informasiya təşkilatlarının və yeni medianın rolu.
MÖVZU 1: İnformasiya müharibəsi beynəlxalq jurnalistikanın başlıca problemi kimi
İşin rəhbəri:Prof. H.A.Vəliyev
İŞ A : Böyük Britaniya Azərbaycan münasibətləri KİV-də
Mərhələ 3. Azərbaycan mədəniyyəti məsələləri Böyük Britaniya mətbuatında
Məqsəd:Bir sıra başqa sahələrdə olduğu kimi mədəniyyət sahəsində dəAzərbaycanın inkişafı son illər diqqəti daha çox cəlb edir. Hər bir ölkə öz inkişaf tempini müəyyən etmək hüququna malikdir. Azərbaycanın mühüm mədəniyyət xadimləri vaxtaşırı olaraq Böyük Britaniya mətbuatında çıxış edir. Bu sahədə “Times” qəzetinin redaksiyası, habelə BBC radio, TV və internet resursları xüsusi fəallıq göstərirlər. Azərbaycan mədəniyyətinin Böyük Britaniya mətbuatında təbliği çox mühüm məsələlərdən biridir. Bu gün də aktuallığını qoruyub saxlayır.
İşin icraçısı: Prof.H.A.Vəliyev
İŞ C: Türk xalqlarının müasir mətbuatı. I hissə (Türkiyə Cümhuriyyəti, İrak türkləri, Şimali Kipr Türk Cümhuriyyəti)
Mərhələ 3. Şimali Kipr Türk Cümhuriyyətinin müasir mətbuatı
Məqsəd:
Türk xalqları birliyinin formalaşması prosesi müasir dünya siyasətinin aparıcı mövzusu olduğu üçün hər bir türk toplumunun mətbuatını tədqiq etmək, araşdırmaq, tədris etmək böyük əhəmiyyət kəsb edir. Kipr türk mətbuatı uzun və gəlməkeşli milli mücadilə yolu keçmişdir. Xüsusi vurğulamaq lazımdır ki, ilk günlərdən başlayaraq Kipr türklərinin mətbuat orqanları iqtisadi gəlir əldə etmək məqsədilə yaranmamış, ilk növbədə milli dirəniş vasitəsi kimi meydana çıxmışdır. Qəzet və jurnallar milli mübarizədə türk toplumunu özünü müdafiə etmək məqsədilə həmişə səfərbər etmiş və bunun üçün lazımı ictimai şərait yaratmağa çalışmışdır. Bu işi həyata keçirmək üçün ictimai yerlərdə, qirayətxanalarda, meydanlarda müzakirə olunan əhəmiyyətli məsələlər qəzet və jurnalların səhifələrinə çıxarılmış, ictimayyətləşdirilmiş, bütün türk toplumuna çatdırılmış və lazımi tövsiyələr verilmişdir.
Kipr türk mətbuatının yaranması və formalaşması prosesini təhlil etmək – elmi işin başlıca vəzifəsidir. Mətbuat orqanlarının fəaliyyəti Kipr türklərinin milli mücadiləsinin əsas komponentlərindən biri kimi çıxış etmişdir. Kiprdə ilk mətbəə 1878-ci ildə “Henry King and Co.” adı altında Larnaka şəhərində yaradılmışdır. Elə həmin ildə burada Osmanlı türkcəsində ilk qəzet işıq üzü görmüşdür. “Ümit” adlanan bu qəzet əsasən Larnakada yayımlanmış, bununla belə onun ömrü uzun olmamış və qısa müddətdən sonra həmin mətbu orqan öz nəşrini dayandırmışdır. Həmin dövrdən başlayaraq qəzet və jurnalların əsas mövzularından biri adanın Yunanıstana birləşdirmək ideyasına qarşı çıxmaq və yerli Kipr türklərinin milli dövlətçilik uğrunda mübarizəsinə dəstək vermək olmuşşdur.
Bu gün Kipr türk mətbuatı bir çox qəzet və jurnallarla təmsil olunur. Bunların sırasında “Kıbrıs”, “Halkın Sesi”, “Havadis”,“Yenidüzen”, “Kıbrıs Postası”, “Diyalog”, “Star Kıbrıs”, “Vatan”, “Detay”, “Güneş”, “Haberal Kıbrıslı”, “Demokrat Bakış”, “Ortam”, “Haberatör”, “Hakikat”, “Volkan”, Özgür Volkan” ve “Yenibakış” və s. mətbu orqanlarını vurğulamaq olar. Bundan başqa Şimali Kipr Türk Cümhuriyyətində qəzetlərə əlavə, həftəlik və aylıq nəşrlər də yayımlanır. İnternet saytları və xəbər portalları fəaliyyət göstərir.
İşin icraçısı-Dos.S.R.Məmmədli
İŞ E: Sosial media və etika məsələləri
Mərhələ 3. Etika məsələləri sürətli kütləvi kommunikasiya dövründə
Məqsəd:
Media inqilabı jurnalistikanın təbiətini və onun etikasını əsaslı və dönməz şəkildə dəyişdirməkdədir. Yazı və ya kontenti dərc etmək vasitələri artıq vətəndaşların əlindədir, internet isə sürətli və interaktiv jurnalistikanın yeni formalarını təşviq edir. Media mühiti sürətlə inkişaf etdiyinə görə orada xaotiklik hökm sürür. Peşəkar jurnalistlər jurnalistika mühtini bloqerlər, vətəndaş-jurnalistlər və sosial media istifadəçiləri ilə bölüşməli olurlar. Hər dəyişiklik zamanı əvvəlki üsullar və ya davranış qaydaları təhlükə altına düşərkən yeni imkanlar ortaya çıxır. Bu gün də istisna deyil. İstifadəçilər (oxucular və tamaşaçılar) getdikcə onlayn mühitə keçirlər. Bu da peşəkar jurnalistikanın iqtisadi vəziyyəti üçün çətinlik yaradır. Təbii olaraq redaksiyaların kiçilməsi jurnalistikanın gələcəyi üçün narahatlıq doğurur. Bununla belə, bu narahatlqlar həm də araşdırma jurnalistikasının qeyri- kommersiya mərkəzləri kimi jurnalistikada eksperimentlər aparılmasına təkan verir.
Tədqiqatn əsas məqsədi mövcud media etikasının sürətli, interaktiv və “həmişə açıq” olan indiki çoxşaxəli mediaya nə dərəcədə uyğun olmasını müəyyən etməkdir. Belə ki, etik prinsiplərin əksəriyyəti 19-cu əsrin sonlarında işlənib hazırlanmışdır. Bu cərəyan kütləvi kommersiya qəzetləri üçün nəzərdə tutulan peşəkar, obyektiv etikanın qurulması məqsədindən qaynaqlanırdı. Yeni media yeni media etikasını tələb edir – bloq, tvit, yayım və ya qəzetlər üçün yazılmasından asılı olmayaraq bütün media sferalarına tətbiq olunan qaydalar hazırlanmalıdır. Media etikası günümüzün mediası üçün yenidən düşünülməli və yenidən işlənilməlidir.
İcraçı-Dos. T.Ə.Mahmudova
İŞ F: Müasir dövrdə informasiya müharibəsi: yeni yanaşmalar və texnologiyalar
Mərhələ 3. Media manipulyasiya XXI əsr beynəlxalq jurnalistikanın başlıca problemi kimi
Məqsəd:
Sivilizasiyanın inkişaf prosesində informasiya mühüm rol oynayır. İnformasiya alətlərinə malik olmaq və onlardan səmərəli istifadə cəmiyyəti optimal idarə etməyə şərait yaradır.
Bu gün dünyada milyonlarla fərdi bilgisayarlar ümumi şəbəkə vasitəsilə birgə fəaliyyət göstərirlər. Dünyanın ən böyük ərazi şəbəkələrindən 500-nü, hətta istifadəçilərin yarıdan artığını internet əhatə edir. İnformasiya texnologiyasının inkişafı və internetin meydana gəlməsi müxtəlif sahələrdə olduğu kimi, internet jurnlistikasında da fundamental baza yaratdı. İnternet qarşısı alınmadan inkişaf edən bir qüvvədir. Bu həqiqəti olduğu kimi qəbul edərək onun həyatımıza gətirdiyi yeniliklərə obyektiv qiymət vermək lazımdır.
İnternetin gəlişi ilə informasiyanın hazırlanması və yayılması prosesində bir çox məhdudiyyətlər aradan qalxdı. İnternet əsl söz və fikir azadlığını nümayiş etdirən sərhədsiz məkana çevrildi, lakin eyni zamanda informasiya müharibəsi və informasiya manipulyasiyası üçün də geniş imkanlar yaratdı. Birmənalı şəkildə qeyd etmək olar ki, internet müəyyən məsələlərin həll edilməsində əvəzsiz köməkçiyə çevrilməklə yanaşı, həm də əvvəllər məlum olmayan yeni problemlərin yaranmasına da vasitə olmaqla cəmiyyət üçün potensial təhlükə mənbəyinə çevrildi.
Belə problemlərdən biri internetdə informasiyanın hədsiz dərəcədə olmasıdır. Nəhəng informasiya axınına məruz qalmış insan beyni o qədər informasiyanı emal edə bilmək iqtidarında olmadığı üçün onları olduğu kimi qəbul edir. Belə haldan istifadə edən informasiyanı yayan mənbə müəyyən maraqlar güdərək çox vaxt şəbəkədə qərəzli və təsdiq olunmamış faktları həqiqət kimi qələmə verməyə çalışır. İnternetdən hazır məlumatlar almağa öyrəşən və belə məlumatları doğru sayan istifadəçilər öz fəaliyyətlərində onlara istinad etdikdə hadisə və faktlara münasibətdə obyektivlik itir. Bu isə bir çox hallarda maraqlı dairələrin qəsdən hər hansı bir mövzu ilə bağlı manipulyasiyası üçün münbit şərait yaratmış olur. Məhz bu səbəbdən internetdəki məlumatların məzmununa ehtiyatla yanaşmalı və onların həqiqət olub-olmadığı dəqiqləşdirilməlidir.
İcraçı-Dos.V.Z.Əliyev
İŞ G: Azərbaycan-Türkiyə münasibətləri Ümumtürk birliyi kontekstində
Mərhələ 3. Regional layihələrin reallaşması Ümumtürk birliyi kontekstində
Məqsəd:
Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış Türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş etmişdir. Dünyada gedən qloballaşma fonunda Türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir. Azərbaycan Türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında dediyi “Bir millət, iki dövlət” ifadəsi iki Türk dövləti arasında olan qardaşlıq münasibətlərini ən dəqiq şəkildə xarakterizə edir. 2022-ci ildə Prezident İlham Əliyev Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstana səfərlər edib. Həmçinin son dövrlərdə Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçıları Azərbaycana səfərə gəliblər. Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıblar. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlamışdır. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərmişdır. İndiyədək həyata keçirilən birgə regional layihələrlə yanaşı, Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcəkdir.XX əsrin sonlarında yeni müstəqil Türk dövlətlərinin yaranması və türk dövlətlərin başçılarının müxtəlif formatlı görüşlərinin keçirilməsi ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. Türk dövlətlərinin əməkdaşlıq əlaqələri, xüsusilə Azərbaycan-Türkiyə münasibətləri hər keçən gün artmaqda və daha da inkişaf etməkdədir. Türk dövlətlərini ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin bölgənin yeni enerji xəritəsini yaratması, neft məhsullarının bu yollar və dəhlizlər vasitəsilə Xəzər dənizinin şərq sahillərindən (Qazaxıstan və Türkmənistandan) onun qərb sahillərinə, Azərbaycan ərazisindən keçməklə Türkiyəyə, oradan da Avropaya nəqli, dünya bazarlarına çıxarılması məsələləri, Bakı-Tbilisi-Qars dəmir yolunun yalnız Türkiyəni Azərbaycanla deyil, həm də Türkiyəni Orta Asiya, Avropanı Orta Asiya ilə birləşdirəcək bir beynəlxalq marşrut olacağı ilə bağlı ümumiləşmələr əsas məqsədlərdəndir.
İcraçı-Dos.P.Y.İbrahimova
İŞ H: II Qarabağ müharibəsi dövründə media sisteminin dövlət informasiya siyasətinə təsiri
Mərhələ 3. II Qarabağ müharibəsi dövründə aşkarlanan erməni vandalizmi media sistemində.
Məqsəd:
Azərbaycan dövləti Ermənistanın törətdiyi soyqırımın, cinayətlərin, vandalizmin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində daim sistemli tədbirlər həyata keçirir. Erməni cinayətlərinin dünyaya tanıdılması ilə bağlı müxtəlif platformalarda, beynəlxalq qurumlarda və təşkilatlarda, güclü dövlətlərlə ikitərəfli münasibətlərdə, o cümlədən rəsmi Bakının əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatlarda, ölkəmizin sədrlik etdiyi beynəlxalq qurumlarda vacib iş aparıb, mühüm nəticələr əldə edilib.
Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərində tariximizə, mülki əhalimizə, mədəni irsimizə, təbiətimizə qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün Heydər Əliyev Fondunun dəstəyi ilə www.armeniancrimes.com resurs bazası hazırlanıb. Portal Ermənistan tərəfindən tarixən ölkəmizə və xalqımıza qarşı törədilən cinayətlər barədə daha geniş faktlar əsasında mütəmadi yenilənir. Portalın əsas səhifəsində Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və təbii sərvətlərinə qarşı törədilmiş cinayətlərin yer aldığı analitik yazı təqdim edilir.
İcraçı-S.e.f.d.A.Ə.Zeynalova
İŞ İ: Beynəlxalq mediada data jurnalistikası anlayışı və onun Azərbaycan internet mediasına tətbiqi
Mərhələ 3. Data jurnalistikasının Azərbaycan internet mediasına tətbiqi (2022-2023)
Məqsəd:
Azərbaycanda mediasına yeni-yeni qədəm qoyan və nəzəri cəhətdən araşdırılmağa başlayan data jurnalistikası və ya verilənlərin təhlili sahəsinə maraq ildən-ilə artır. Çünki vaxt qıtlığından əziyyət çəkən və vizual görüntüyə üstünlük verən müasir auditoriya üçün data analiz metodu ən yaxşı variant hesab olunur. Artıq bildiyimiz kimi, çılpaq datalar (verilənlər),ciddi hekayə məntiqi və uyğun vizual təqdimat data jurnalistikasının əsasını təşkil edir. Data jurnalistikası informasiyanın istehsal-rəqəmləşdirilməsi və paylanması-vizuallaşdırılmasında rəqəmsal verilənlərdən istifadəni əks etdirən jurnalistika ixtisasıdır.
Verilənlərin təhlili bu gün jurnalistikada çox vacib bir tendensiya olsa da, Azərbaycanın sosial media orqanları ondan nadir hallarda yararlanır. Azərbaycan auditoriyasının böyük bir hissəsi internet media saytlarının məlumatlarına qismən etibar edir. Onların arasında Sputnik.az, BBC Azərbaycanca və Report.az saytları bəzi məlumatlar verir. Araşdırmaya cəlb etdiyimiz digər saytlar ondan demək olar ki, istifadə etmirlər. Onlar xarici media vasitələrinin məlumatlarından daha çox faydalanırlar. Bu, sözügedən sahədə maliyyə və peşəkar kadr çatışmazlığından irəli gəlir. Azərbaycanda media məktəbləri və institutlarının demək olar ki, data jurnalistikası üzrə ixtisaslaşmır. Kərim Əliyevin tərcümə kitabından başqa bu sahədə Azərbaycan dilində ciddi nəzəri tədqiqat işi və ya dərslik yoxdur. Gələcəkdə bu sahədə nəzəri ədəbiyyatların hazırlanması nəzərdə tutulur.Azərbaycan media sektorunda atılan addımlar onu getdikcə əsas istiqamətə çevirə bilər. Azərbaycanda sözgedən sahənin inkişaf etdirilməsi ilə bağlı gələcək strategiyalar nəzərdən keçirilməlidir. Digər bir vacib məqam açıq verilənlərin əldə edilməsi ilə bağlıdır. Bunun üçün jurnalistlər dövlət orqanları ilə sıx əməkdaşlıq etməlidirlər. Növbəti addım təlim düşərgələri və hakatonların təşkili ola bilər. Data jurnalistikasının strukturu, texniki baxımdan inkişaf etdirilməsi üçün bu sahədə daha çox inkişaf etmiş ölkələrlə əlaqələrin qurulması, qlobal əməkdaşlıqların genişləndirilməsi də tərəqqiyə səbəb ola bilər.
İcraçı- F.ü.f.d.V.Z.İsgəndərova
İŞ V: Azərbaycan mediasının qloballaşma dövründə informasiya cəmiyyətinin inkişafı xüsusiyyətlərinə yanaşması
Mərhələ 3. Sosial şəbəkələrin modelləri və Azərbaycan Respublikası mediasının qloballaşması
Məqsəd:
Azərbaycan respublikasının sosial şəbəkələrinin informasiya modellərinə təsir baxış. Tətgiqat zamanı əsasən sosial şəbəkələrdən istifadənin yaratdığı problemlər və proqnozlara önəm göstərilməlidir. Azərbaycan Respublikasının Kütləvi informasiya sistemində sosial şəbəkələr analizi edilməlidir
İcraçı-Müəllim A.S.Məmmədova