Simpoziumun panel iclasları keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun panel iclasları keçirilib.
Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir türkdilli dövlətlərdə media sahəsində ortaq maraqlara söykənən fəaliyyətə böyük ehtiyac olduğunu bildirib.
Fakültə dekanı Vüqar Əliyevin, Şimali Kipr Türk Cumhuriyyətinin Lefke Avropa Universitetinin Kommunikasiya fakültəsinin dekanı Elif Asude Tuncayın, Jurnalistika fakültəsinin kafedra müdirləri, professorları Cahangir Məmmədli və Qulu Məhərrəmlinin moderatorluğu ilə 4 panel iclası keçirilib.
İclaslarda simpozium iştirakçıları ümumtürk mədəniyyətinin təbliği, media sahəsində ortaq layihələr, türkdilli dövlətlərdə media birliyinin önəmi, Türk dünyası mədəni irsinin qorunmasında vahid media platformasının rolu kimi mövzulara dair müzakirələr aparılıb.