"44 günlük tarix yazan media qəhrəmanları" adlı tədbir
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində "44 günlük tarix yazan media qəhrəmanları" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Vətən müharibəsi və post müharibə dövründə ölkəmizin apardığı uğurlu informasiya siyasətindən, ekstremal jurnalistikanın inkişafından söz açıb. Bildirib ki, 44 günlük müharibə yalnız hərbi və diplomatik deyil, həm də media sahəsindəki qələbəmizlə adını tarixə qızıl hərflərlə yazıb.
Jurnalistika fakültəsinin dekan müavinləri Sevinc Əliyeva və Samir Mirzəyev bu cür tədbirlərin keçirilməsinin şanlı Zəfər tariximizin öyrənilməsi və sonrakı nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb, dünya hərb doktorinasına gətirdiyimiz yeniliklərin bu gün Azərbaycan üçün yeni reallıqlara səbəb olduğunu bildiriblər.
Fakültənin məzunları - Vətən müharibəsi iştirakçısı, "Azərbaycan" qəzetinin redaktoru Rəşad Baxşəliyev və lokal antiterror tədbirlərinin iştirakçısı Osman Hüseynov keçdikləri döyüş yolundan danışıb, xatirələrini bölüşüblər.
Sonra tələbələr tarixi Zəfərlə bağlı təəssüratlarını və onları maraqlandıran sualları səsləndiriblər.